...

Rəsul Rza ilə bağlı ilk dəfə olaraq bədii-sənədli televiziya filmi hazırlanıb

Mədəniyyət Materials 3 İyun 2011 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Rəsul Rza ilə bağlı ilk dəfə olaraq bədii-sənədli televiziya filmi hazırlanıb.

XX əsr Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Rəsul Rza ilə bağlı bədii-sənədli televiziya filmi - "...yaşıl atlas - ömürdən səhifələr" audiovizual məhsulu EL Televiziya Şirkətinin istehsalıdır.

Trend-in məlumatına görə, filmdə ədibin həyatı haqqında daha canlı təsəvvür oyatmaq üçün tarixi faktların bərpası peşəkar aktyor və istedadlı uşaqların ifasında gerçəkləşib. Filmin digər özəlliklərindən biri də ara-sıra müəllifin şeirlərinin bədii qiraətçi aktyorlar tərəfindən səslənməsidir.

Məhz bu epizodlar filmə poetik rəng qatır. Çünki indiyə kimi Rəsul Rza haqqında çəkilən filmlərin əksəriyyəti bioqrafik yönlü olub.

Məhz bu filmdə Rəsul Rza poeziyasının əsrarəngiz nümunələri səslənməklə gözümüz önündə canlanan obraz sanki rəssamın işlədiyi portret kimi getdikcə rəng alır, mükəmməlləşir. Şairin öz ifasında arxivdən tapılmış kiçik səslənmələr və diktor mətni ilə sadalanan faktların özündə belə poetik ruh saxlanılıb.

Filmin ssenari müəllifi və rejissoru Əhliman Qafarovdur. Məsləhətçilər akademik Bəkir Nəbiyev, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylıdır. Operator Faiq Yusifoğlu, montaj rejissoru Pərviz Musaoğlu, səs rejissoru Anar Elşənoğlu, videomühəndis Gülnarə Mustafayeva, layihənin rəhbəri İqbal Məmmədəliyevdir. Filmin ilk təqdimatı 4 iyun 2011-ci ildə Bakı şəhərində, Beynəlxalq Muğam Mərkəzində olacaq.

EL Televiziyası yayımlandığı Yevlax, Mingəçevir, Ağdaş, Bərdə, Ucar, Göyçay, Goranboy, Gəncə, Şəmkir, Samux, Naftalan, Daşkəsən, Qax, Qəbələ və digər ərazilərə aid maddi mədəniyyət nümunələri, tarixi abidələr, ictimai-siyasi və sosial həyatla bağlı xəbərləri çatdıraraq hazırlanan verilişlərdə regionu əhatə etməyə çalışır. Efirə yayımlandığı ilk vaxtlardan 100-dən çox sənədli film istehsal edib. Bölgənin tanınmış adamlarından tutmuş ölkə ziyalılarına kimi portret, elmi-kütləvi, tanıtma, tarixi araşdırma və s. sənədli film janrında olan ekran nümunələri EL TV-nin efirində özünə yer alıb.

Xəbər lenti

Xəbər lenti