...

Türkiyədə vətənpərvər Günel Ələkbərova rüzgarı (FOTO)

Mədəniyyət Materials 6 İyul 2011 13:57 (UTC +04:00)
Türkiyənin Mersin vilayətinin Silifke rayonunda TÜRKSOY-un təşkilatçılığı ilə türkdilli dövlətlərdən qatılan sənətçilərin iştirak etdiyi "38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi" çərçivəsində final konserti keçiriləcək.
Türkiyədə vətənpərvər Günel Ələkbərova rüzgarı (FOTO)

Türkiyə, Mersin, 6 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda TÜRKSOY-un təşkilatçılığı ilə türkdilli dövlətlərdən qatılan sənətçilərin iştirak etdiyi "38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi" çərçivəsində final konserti keçiriləcək. Trend-in müsabiqəni Silifkedən birbaşa izləyən reportyoru xəbər verir ki, Azərbaycandan festivala qatılan müğənnilər Günel Ələkbərova, Nurlan Əzizbəyli və Cəlal Abbasov bu axşam finalda qələbə qazanmaq üçün səhnədə rəqibləri ilə yarışacaqlar.

Qeyd edək ki, finala qədər Günel səhnədə iki dəfə çıxış edib və üç mahnısı - sözləri Bəxtiyar Vahabzadə, musiqisi Cavanşir Quliyevə məxsus "Azərbaycan-Türkiyə", söz və musiqisi Yaşar Usubun olan "Çatlasınlar" və Rüstəm Zeynallının Cəlal Qurbanovun sözlərinə yazmış olduğu "Yarıma deyin" bəstələri ilə fərqli performansla tamaşaçı rəğbətini qazanıb.

Cəlal Abbasov və Nurlan Əzizbəyli isə cəmi bir dəfə səhnəyə çıxıblar. Cəlal sözləri Dəmir Gədəbəyli, musiqisi Elza İbrahimovaya məxsus "Ey Vətən" və Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bayatılar"ını ifa edib. Nurlanın ifalarına gəldikdə, müğənni əvvəlcə söz və musiqisi Polad Bülbüloğluna məxsus "Gəl ey səhər" və öz bəstəsi olan "Qayıt, ömrümə qayıt" mahnısı ilə çıxış edib.

Sənətçilərimizin hər üçü uğurlu çıxış etsələr də, ən fərqli və yaddaqalan ifa Günel Ələkbərovanın performansı oldu, desək yanılmarıq. Hər çıxışında minlərlə tamaşaçının sevgisi ilə qarşılanan Günel, öz adını Türkiyənin sevilən müğənniləri cərgəsinə yazdırıb. Buna bariz nümunə kimi yerli türk ulduzların - Gökhan Özen, Zara və Murad Dalkılıç, xüsusilə də aparıcı Çiğdem Tunçun onunla şəxsən görüşlərini yazmaq olar.

Təqdim etdiyimiz fotosessiyadan da aydın görünür ki, səhnədə əsl fırtına qoparan həmvətənimiz həm də öz vətənpərvərliyi ilə seçilir. Əlində Azərbaycan və Türkiyə bayraqlarını tutan Ələkbərova, xalq artisti Aygün Kazımovanın xeyir-duası ilə "Azərbaycan-Türkiyə" mahnısına ikinci nəfəs verdi. Mahnı iki qardaş ölkənin doğmalığından bəhs etsə də, yeni aranjimanda sonda Azərbaycan himni səslənir. Günel "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı" deməsi ilə himnimizin sədaları altında bayrağımızı var gücü ilə dalğalandırdı, vətənini təmsil etdiyinə görə şad olduğunu söylədi.

"Bu tədbirə Azəbaycandan üç iştirakçı qatılsaq da, mənim üçün ən önəmlisi üçümüzdən birimizin qalib olmasıdır. Vətənimizi təmsil etdiyimizə görə məmnunuq və qələbəyə gedən yolda Nurlana, Cəlala və özümə müvəffəqiyyətlər arzulayıram. Üçümüzdən birinin birinci olması bütün azərbaycanlıların qələbəsidir", - Günel belə dedi.

Müqənni türk tamaşaçılar tərəfindən yeni bir titulla da "mükafatlandırıldı". Burada onu hər kəs "lokum" (dadlı şirniyyat növü) deyə çağırır. Və məhz Çiğdem Tunç onu səhnədə Günel Lokum kimi təqdim edir.

Silifkelilər 4 iyul tarixində səhnəyə çıxan müğənnilərimizi yenidən çox böyük məhəbbətlə qarşıladılar. Həmişəki sevgi ilə əhatə olunan Günel, ilk dəfə mahnılarını səsləndirmək üçün səhnəyə çıxan Nurlana da ayrıca dəstək oldu. Məlumunuz olsun ki, Günelin Mersində yerli pərəstişkarlarından ərsəyə gələn qeyri-rəsmi fan klubu, özəl imicmeykeri də var. Dünən çıxışını bitirib səhnədən endiyi zaman dincəlmək əvəzinə Əzizbəyliyə də dəstək olan müğənni, tamaşaçıları elə coşdurdu ki, meydanda əsl izdiham yaşandı.

Müsabiqənin qalibləri müxtəlif diplom və mükafatlara layiq görüləcəklər. Azərbaycan nümayəndə heyəti Bakıya iyul 8-də axşam saatlarında qayıdacaq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti