...

Azərbaycan poeziyasının düşünən və düşündürən söz nəhəngi

Mədəniyyət Materials 16 Avqust 2011 11:49 (UTC +04:00)
Azərbaycan poeziyasının düşünən və düşündürən söz nəhəngi - Bəxtiyar Vahabzadə
Azərbaycan poeziyasının düşünən və düşündürən söz nəhəngi

Azərbaycan poeziyasının düşünən və düşündürən söz nəhənglərinin cərgəsində durmaq və bu sırada özünəməxsus yer tutmaq heç də hər qələm sahibinə nəsib olan xoşbəxtlik deyil. Bu bəxtiyarlığa yetişməyin kökündə, mayasında böyük istedadla yanaşı, həm də tükənməz, inadkar bir zəhmət durur.

Elə bu səbəbdən də haqqında söhbət açacağımız qüdrətli söz ustası Bəxtiyar Vahabzadə "Şam əgər yanmırsa, yaşamır demək, Onun yaşaması yanmağındadır" misralarındakı fikirlərini özünün ömür kredosuna çevirmişdi. Bu mənəvi yanğıda Bəxtiyar Vahabzadənin mənsub olduğu millətin bütün ağrıları, acıları, həlli müşkülə çevrilmiş sızıltıları boy verirdi. Az bir vaxtdan sonra bu ağrılardan doğan neçə-neçə şeirlər, poemalar, pyeslər Azərbaycan xalqının ən dəyərli ədəbi nümunələrindən biri kimi vətəndaşlıq hüququ qazanacaqdı və qazandı da.

Sözün böyük mənasında, tam səmimiyyətlə etiraf etmək olar ki, avqustun 16-da anadan olmasının 86-cı ildönümünü artıq üçüncü ildir ki, onsuz qeyd edəcəyimiz Bəxtiyar Vahabzadənin titanik düşüncəsinin məhsulu olan şeirlər sağlığında olduğu kimi, bu gün də sevilə-sevilə oxunur.

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, Xalq Şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi çəkilməkdədir.

Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub.

Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzularda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
Görkəmli poeziya ustası hələ 60-cı illərdən başlanan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, xalqımızın azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə dərs dediyi Bakı Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra vəzifəsinə bərpa olunub.

Qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilatçısı kimi tanınan
Vahabzadə 1990-cı ilin Qanlı Yanvarında isə özünü birbaşa odun, alovun üstünə atıb. Qanlı 20 Yanvar faciəsi ərəfəsində SSRİ DTK-nın cəsusları tərəfindən Azərbaycan Televiziyasının enerji bloku partladılıb və dünya ilə informasiya əlaqəsi kəsilmişdi. O faciəli günlərdə Bəxtiyar Vahabzadə həyatını böyük təhlükə qarşısında qoyur, millətinin hayqıran səsi olaraq yeganə əlaqə vasitəsi olan "Azadlıq" radiosu ilə çıxış edir, dünyaya səsimizi çatdırırdı. Əli avtomatlı sovet ordusunun cəlladları onun bu cəsarətli addımının qarşısını silah gücünə almaq istəyirdi.

Lakin bu cəhd də kara gəlmirdi. Əsgərləri itələyib içəri keçmək istərkən onun qarşısına 20 Yanvar qırğınının baiskarlarından olan general N.Ovçinnikov çıxıb. Vahabzadə heç bir qorxu bilmədən, əli silahlı cəlladları saymadan "sənin əlin mənim xalqımın qanına batıb"- deyərək generalın üzünə tüpürüb. Avtomatlar şaqqıldamış, şairə atəş açmaq istəmişdilər. Lakin son anda general Bəxtiyar Vahabzadənin qüruru, vüqarı qarşısında geri çəkilməyə məcbur olaraq fikrindən daşınmışdı...

Böyük şair, alovlu vətənpərvər ziyalı olan Bəxtiyar Vahabzadə həm də tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında misilsiz xidmətlər göstərmişdir. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılayıb.

Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına böyük töhfələr verib.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi ad-san qazanmış Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti də zəngin və təqdirəlayiq olub. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə, Azərbaycanın haqq işi olan Qarabağ münaqişəsinin həlli istiqamətində əsl vətənpərvər ziyalı mövqeyi nümayiş etdirib.

Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan "İstiqlal" ordeninə layiq görülüb.

Qüdrətli poeziya ustasının əsərləri - şeir kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş sovetlər ittifaqına daxil olan bir çox xalqların dillərinə tərcümə edilib və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanıb.

Öz məfkurəsi uğrunda hər bir çətinliyə sinə gərən, mənsub olduğu xalqın yolunda bütün məhrumiyyətlərə dözməyə hazır olan Bəxtiyar Vahabzadənin ölməz poeziyası bütün zamanlarda öz dəyərini itirməyəcək və müəllifinə daim mənəvi ucalıq gətirəcəkdir.

Xəbər lenti

Xəbər lenti