Azərbaycan, Bakı, 23 avqust /Trend/
Bir vaxtlar məşhur olan "Spice Girls" musiqi qrupu Bakıda keçiriləcək "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsində iştirak etmək üçün yenidən toplaşa bilər. Qərb və Rusiya mənbələri məlumat veriblər ki, qrupun keçmiş iştirakçısı Ceri Holliuell müsabiqədə iştirak etmək üçün qrupun birləşməsi ilə bağlı təşəbbüslə çıxış edib.
Holliuell hesab edir ki, "Spice Girls"ün yetirmələri "Blue" bacarmadığını edə biləcəklər. Xatırladaq ki, "Blue" Böyük Britaniyaya ötən müsabiqədə 11-ci yeri qazandırmışdı.
Azərbaycan müğənniləri Eldar Qasımov və Nigar Camal "Eurovision 2011"-də qalib gəldikləri üçün növbəti müsabiqə Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
İngiltərənin qadın pop qrupu "Spice Girls" 1994-cü ildə Londonda yaradılıb. Qrup iştirakçıları: Viktoriya Adams, Melani Braun, Emma Banton, Melani Çisholm və Ceri Holliuell.
"Spice Girls" 1990-cı ilin ortalarında populyarlıq qazanıb. Qrup iştirakçıları Britaniya mətbuatının qəhrəmanlarına çevrilib və 1996-cı ildə "Top of the Pops" jurnalından Poş-Spays (Bekhem), Bebi-Spays (Banton), Sporti-Spays (Çisholm), Skeri-Spays (Braun) və Cincer-Spays (Holliuell) təxəllüsünü alıblar.
1998-ci ilin mayında Ceri Holliuell qəfildən qrupu tərk edərək solo karyeraya başlamaq niyyətini açıqlayıb. 2001-ci ildə artıq bütün iştirakçılar öz layihələri ilə məşğul olublar, halbuki qrupun dağılması ilə bağlı rəsmi bəyanat verilməyib. 28 iyun 2007-ci ildə "Spice Girls"ün iştirakçıları birləşiblər və dünya turuna yola düşüblər. Dünya turu çərçivəsində 5 ölkədə 47 konsert veriblər və "Greatest Hits" albomunu buraxıblar. Lakin 2008-ci ilin əvvəlində qrup iştirakçılarının yenidən yolları ayrılıb.