...

Nazpəri Dostəliyeva İsmayıllıda konsert verdi (FOTO)

Mədəniyyət Materials 3 Sentyabr 2011 16:12 (UTC +04:00)
İsmayıllıda 10 minə yaxın tamaşaçı Nazpəri Dostəliyevanı ayaqüstə dinlədi
Nazpəri Dostəliyeva İsmayıllıda konsert verdi (FOTO)

Azərbaycan, İsmayıllı, 3 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Biz İsmayıllıya çatanda 2 sentyabr "Təhsil günü" və rayonun yaranmasının 80 illik yubileyinə həsr olunmuş rəsmi hissə artıq başlamışdı. Dövlət məmurları, millət vəkillərinin iştirak etdiyi tədbirə Rusiyanın və digər xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndələri də gəlmişdilər. Əsl bayramı xatırladan açıq hava toplantısında çıxış edən fəxri qonaqlar gün-gündən çiçəklənən İsmayıllı rayonunda gənclərin elm və təhsilə göstərdikləri marağı xüsusi vurğulayaraq, onlarla öyündüklərindən məmnuniyyətlə danışdılar. Yerli icra hakimiyyətinin təşəbbüsü ilə "Təhsil günü" ilə əlaqədər 2011-ci ildə yüksək bal toplayıb, müxtəlif ali məktəblərə qəbul olunmuş bir neçə abuturiyent diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Rəsmi hissədən sonra rayonun sevimli sənətkarı kimi tanınan şair Pünhan İsmayıllı səhnəyə çıxdı. Xoş sözləri ilə Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva sənətini və gözəlliyini vəsf edən şair, az sonra Nazpəri xanımı səhnəyə dəvət etdi. Tanınmış klarnet ifaçısı Zahid Əliyevin rəhbərlik etdiyi "Səda" instrumental ansamblının müşaiyəti ilə İsmayıllı camaatının qarşısına çıxan Nazpəri xanım, elə ilk dəqiqələrdən bütün diqqərtləri öz üzərinə yönəltdi. Repertuarında yer alan hit mahnılarını səsləndirən müğənni, tamaşaçıların istəyi ilə bir neçə aşıq mahnısını da özünəməxsus şəkildə səsləndirdi. İki saat davam edən, 10 minə yaxın tamaşaçının qatıldığı konsertdən sonra Trend Life-a təəssüratlarını bölüşən xanım Dostəliyeva, Şirvan bölgəsində daha çox pərəstişkarının olmasından sevinclə danışdı. "Bu sevgi bəlkə də mənim Şirvan torpağında anadan olmağımla bağlıdır. İsmayıllıya hər gəlişim özlüyündə bir bayrama çevrilir. Və rayonda hansı mötəbər tədbir təşkil olunursa, bədii hissədə mənim mütləq səhnəyə çıxmağım bir adətə çevrilib. Sevindirici haldır ki, ölkə gənclərimiz ali təhsilə yiyələnmək üçün bir-biriləri ilə yarışırlar. Bakı ilə yanaşı, bölgələrdə yaşayan şagirdlərin, tələbə adını qazanıb, ali təhsil ocaqlarının qəbul olmalarının şahidi olmaq çox qürurvericidir. İsmayıllı gəncləri də öz rayonlarının adını, hər il olduğu kimi yenə birincilər sırasına yazdılar. Ağıllı və tərbiyyəli övladlar böyütdüklərinə görə onların valideynlərinə təşəkkür edirəm. Konsertə gəldikdə isə bütün tamaşaçılara "var olun" deyirəm ki, gəlişləri ilə bu bayrama rəng qatdılar. Təşkilatçılar bildirdilər ki, İsmayıllının ən ucqar kəndlərində yaşayan pərəstişkarlarım belə məni dinləməyə gəlmişdilər. Baxmayaraq ki, tamaşaçılar ayaqüstə məni izləyirdilər, amma özünüz də gördünüz ki, hamısı sonadək mənə qulaq asdılar. Təklif gəldi ki, yaxın gələcəkdə yenidən rayonda solo-konsert proqramı ilə çıxış edim. Ona görə də buradakı heyranlarıma hələlik deyirəm"-xalq artisti belə dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti