...

Emil Bədəlov ilin toyunu çaldırdı (FOTO)

Mədəniyyət Materials 25 Oktyabr 2011 17:12 (UTC +04:00)
24 oktyabr tarixində xalq artisti, tarzən Firuz Əliyevin qızı Xanım ilə evlənib subaylığa əlvida deyən müğənni Emil Bədəlovun toy günü öz möhtəşəmliyi ilə şou-biznes kitabına qızıl hərflərlə yazıldı.
Emil Bədəlov ilin toyunu çaldırdı (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

24 oktyabr tarixində xalq artisti, tarzən Firuz Əliyevin qızı Xanım ilə evlənib subaylığa əlvida deyən müğənni Emil Bədəlovun toy günü öz möhtəşəmliyi ilə şou-biznes kitabına qızıl hərflərlə yazıldı. Trend xəbər verir ki, toyun əsas özəlliyi estrada müğənniləri ilə xanəndələrin eyni səhnəni bölüşərək muasir musiqi ilə muğamlarımız arasında bağlılığı nümayiş etdirmələri oldu.

Maraqlı məqamlarla yaddaqalan toyda Emil, həmçinin həyat yoldaşına həsr etdiyi mahnını ifa edib onunla sərbəst şəkildə rəqs etdi. Amma əvvəldən danışıldığı kimi fotokameralar gəlinin şəklini yalnız uzaqdan çəkməli idi. Qısqanc bəyin bu xahişini məclisboyu yerinə yetirməyə çalışdıq.

Gəlin atası Firuz Əliyevin təbriki də orijinallığı ilə seçildi. Ayrılmaz dostu olan tarı bağrına basan xalq artisti qızının xoş günündə səbəbkarları musiqinin dili ilə təbrik etdi.

Muğam ustadları, xalq artistləri Tələt Qasımov, Ağaxan Abdullayev, Mənsum İbrahimov xoş sözlərlə bəy və gəlini təbrik etməklə kifayətlənsələr də, Firuz müəllimin tarda ecazkar ifası gənc xanəndələr Aygün Bəylər, Mətanət Əsədova və Ehtiramı riqqətə gətirib mikrofunu əllərinə almağa vadar etdi.

Fərqli trionun ifasına daha sonra müğənni Xatirə İslam da qoşuldu. Amma, deyəsən, Aygün və Mətanət heç də onun bu addımından xoşhal olmadılar. Xatirəni səhnədə tək qoyan cütlük, müəllimləri hesab etdikləri Ağaxan Abdullayevin masasında əyləşib ifalarını oturaraq davam etdirdilər.

Məclisdə gözəl rəqs etmək yenə də xalq artisti Nazpəri Dostəliyevanın payına düşdü. Firuz Əliyevi doğma qardaşlarından ayırmadığını vurğulayan müğənni, öncə meydanda peşəkar rəqs etmək bacarığını göstərdi, ardınca isə "Dilbərim" xalq mahnısını ifa etdi. Nə qədər qəribə görünsə də, bu mahnını həm səbəbkarlar, həm də qonaqlar "bəyaz rəqs" musiqisi kimi qəbul edib oynadılar.

Qohum-əqrəba ilə yanaşı, özlərini ev yiyəsi hesab edən sənətçilərin axın etdiyi toy gecəyarısına qədər davam etdi. "İlin toyu" kimi qiymətləndirdiyimiz məclisə yaraşıq verən tanınmışların kimliyini bilmək istəyənlər təqdim etdiyimiz geniş fotosessiyaya baxa bilərlər.

Sonda bir daha Emil və Xanımı təbrik edib, xoşbəxt ömür yaşamalarını arzulayırıq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti