...

Azərbaycanın tanınmış müğənnisi Firəngiz Əhmədova ilə vida mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 17 Dekabr 2011 15:02 (UTC +04:00)
Dekabrın 16-da dünyasını dəyişmiş Azərbaycanın opera müənnisi, SSRİ xalq artisti Firəngiz Əhmədova ilə bu gün Dövlət Akademik Opera və Balet Teatrında vida mərasimi keçirilib.
Azərbaycanın tanınmış müğənnisi Firəngiz Əhmədova ilə vida mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 16-da dünyasını dəyişmiş Azərbaycanın opera müənnisi, SSRİ xalq artisti Firəngiz Əhmədova ilə bu gün Dövlət Akademik Opera və Balet Teatrında vida mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev Firəngiz Əhmədovanın Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biri saydığını deyib. O qeyd edib ki, bu sənətkarın Azərbaycanın opera sənətinin inkişafında çox böyük rolu olub.

Əfəndiyev bildirib ki, Firəngiz Əhmədova milli olduğu qədər də, bəşəri sənətkar olub.

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib, amma onun sənətdə qoyduğu izlər unudulmayacaq. Firəngiz xanımın sənəti dinləyicilərin, xalqın qəlbini ovlayıb. Onun sənəti həmişə yüksək qiymətləndirilib, bundan sonra da yüksək qiymətləndiriləcək. Firəngiz Əhmədova Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Sevil ("Sevil", F.Əmirov), Səriyyə ("Azad", C.Cahangirov), Sona ("Bahadır və Sona", S.Ələsgərov), Maro ("Daisi", Z.Paliaşvili), Aida ("Aida", C.Verdi), Toska ("Toska", C.Puccini) və s. partiyaları, "Sənsiz" (Ü.Hacıbəyli), "Ölkəm", "Sual" (A.Zeynallı), "Arzu" (Niyazi), "Heyran olmuşam" (Ə.Abbasov), "Oxuma, gözəl" (A.Rzayeva) və s. Azərbaycan romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P.Çaykovski, S.Raxmaninov, S.Taneyev və b.) romanslarını sənətkarlıqla ifa edib", - o əlavə edib.

Azərbaycanın xalq artisti Canəli Əkbərov Firəngiz Əhmədovanın vəfatını milli musiqi mədəniyyətimiz üçün böyük itki sayır. "Səhnəmizin Nigarı, Sevili bizimlə vidalaşır. Bu çox böyük itkidir. Amma çox şadam ki, bu gözəl məbədgahda Firəngiz Əhmədova ilə mən də işləmişəm. 30 il ərzində onun gözəl fəaliyyətinin şahidi olmuşam. Firəngiz Əhmədovanın səsində xüsusi parlaqlıq var idi. O, öz səs möhürü ilə çox söz deyə bildi", - Əkbərov bildirib.

Azərbaycan və SSRİ xalq artisti Fidan Qasımova Firəngiz Əhmədovanın ölüm xəbərinə çox çətinliklə inandığını deyib. O bildirib ki, Firəngiz Əhmədova Azərbaycanın vokal sənətində çox böyük iz qoyub. "Çox gözəl, lirik, romantik sopranoya malik Firəngiz Əhmədova opera üçün ən çətin sayılan qadın obrazlarını oynayıb", - Qasımova deyib.

Firəngiz Əhmədova I Fəxri xiyabanda torpağa tapşırılıb.

Əhmədova Firəngiz Yusif qızı 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib.

Firəngiz Əhmədova 1989-cu ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti