Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Fransanın Strasburq şəhərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işçi qrupunun növbəti iclası keçirilir.
Trend-in çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-22-də keçirilən iclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov və nümayəndəliyin ikinci katibi Aqil Günəşov, eyni zamanda, tərəfdaş beynəlxalq təşkilatlar olan YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin məsul şəxsləri iştirak edirlər.
Görüş 2013-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq məqsədi daşıyır. İclasda tədbirin proqramı və müzakirə sənədləri, müvafiq beynəlxalq təşkilatların bu prosesdə rolu və vəzifələri və s. məsələlər müzakirə olunacaq. Bununla yanaşı, görüş zamanı Mədəniyyətlərarası Dialoq üzrə Qlobal Tədqiqat (Think-Tank) Qrupunun yaradılması, onun nizamnaməsi və cəlb ediləcək dünyanın bütün qitələrindən tanınmış ekspertlərin müəyyən edilməsi ətrafında müzakirələr aparılacaq.
Think-Tank Qrupu tərəfindən Dünya Forumunun gündəliyində duracaq məsələlərə dair müzakirə sənədlərinin hazırlanması nəzərdə tutulur. Tədqiqat qrupunun nizamnamə layihəsi hələlik onun fəaliyyətinin ümumi çərçivəsini müəyyən edir, lakin sənədin təfərrüatları Forumun beynəlxalq tərəfdaşları ilə müzakirə olunduqdan sonra yekun variant kimi qəbul edilməsi və 2012-ci ilin aprel ayında Təsis Konfransının keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir keçirilməsi barədə 2011-ci ilin 27 may tarixində imzalanmış Fərmanla Mədəniyyət və Turizm Nazirliyi Forumun təşkilində əlaqələndirici qurum kimi müəyyən edilib.