...

"YARAT!" təşkilatı Rəşad Babayevin "Antonioni Bakıda" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 20 Aprel 2012 20:08 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Musiqili Komediya Teatrının yaxınlığında rəssam Rəşad Babayevin "Antonioni Bakıda" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Rəşad Babayevin "Antonioni Bakıda" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Musiqili Komediya Teatrının yaxınlığında rəssam Rəşad Babayevin "Antonioni Bakıda" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil edilən tədbirdə tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Rəşad Babayev uzunluğu 60 metr, hündürlüyü 4 metr olan fotokollaj üzərində təqribən dörd ay işləyib.

1972-ci ildə öz növbəti filmi üçün naturanın axtarışında Bakıya məşhur italyan kinorejissoru Mikelancelo Antonioni səfər edib. O, Azərbaycan paytaxtında on gün qalaraq bir neçə yer gəzəndən sonra nəhayət Artyom adasında axtardığını tapıb. Qeyd etmək lazımdır ki, Azərbaycana gəlməzdən əvvəl italyan rejissor Özbəkistan və Ermənistana səfər etsə də, məmnun qalmamışdı. Və yalnız Bakıya gəlib onun ətraf yerlərini gəzdiyi zaman o, film üçün natura tapmışdı. Bu səbəbsiz deyil, belə ki, Bakının ətraf yerləri, Abşeron yarımadasının təbiətinin özü öz asketizmi və sərt minimalist mühitinə görə qərbdə "qəribləşmə tərənnümçüsü" adını qazanmış Antonioninin özünün asketik və gözəçarpmayan ədəbi üslübu ilə gözəl vəhdət təşkil edib. Və buna görə də təəccüblü deyil ki, məhz burada Abşeronda rejissor axtardığını tapmışdı.

Lakin vəziyyət elə gətirib ki, Antonioninin gəlişi gizlicə və müvafiq olaraq şəhər sakinlərindən xəlvəti keçmişdi. Dünya kinematoqrafının bu qədər əlamətdar və məşhur simasının Azərbaycan paytaxtında olmasını böyük hadisədən başqa heç cür adlandırmaq olmaz. O vaxtlar italyan rejissor filmin çəkilişi barədə İttifaq hökuməti ilə razılığa gələ bilmədi - bu layihə reallaşdırılmamış qaldı. Bəlkə də buna görə artıq sualların yaranmaması üçün onun səfərini elan etməmək qərarına gəlmişdilər. Amma indi uzun müddət keçəndən sonra "ədalət" bərqərar edilə bilər və edilməlidir. Həmin layihə məhz bu məqsədi - Bakının sakinlərinə böyük italyan rejissor Mikelancelo Antonioninin Azərbaycan paytaxtına "məxfı" səfərindən xəbər vermək məqsədini güdür.

Mikelancelo Antonioni natura çəkilişləri üçün bəyəndiyi yeri Artyom adasında, Bakının ətraf yerlərində tapıb. Onu müşayiət etmiş o vaxtkı "Azərbaycanfılm" kinostudiyasının direktoru Rimma Abdullayevanın xatirələrinə görə, çəkilməmiş nağıl filminin ssenarisi aşağıdakı kimi olub: bir dəstə oğlan uşağı dəniz sahilində çərpələng uçurdurlar. Bir az uçandan sonra çərpələnglərin hamısı yerə düşür və yalnız bir çərpələng daha da yuxarı uçur. Oğlan uşaqları evdən gətirdikləri sapları, geyimi ipə bağlamağa başlayırlar. Tədricən bütün şəhərcik, ölkə və bütün yer üzü bu prosesə qatılır ki, bunun nəticəsində bütün insanlar lüt və ayaqyalın qalırlar. Günlərin bir günündə isə kosmosda baş vermis fəlakət nəticəsində çərpələng yer üzünü bürüməklə insanların nəfəsinin kəsilməsinə və bütövlüklə ölməsinə səbəb olmuş geyimdən ibarət olan öz ballastı ilə yerə düşür. Süjet kosmosda eksperimentlərin aparılmasının qəti əleyhdarı olmuş rejissorun mövqeyini əks etdirirdi. Layihənin həyata keçirilməməsinə səbəb isə sadə idi - tərs xasiyyətli rejissor filmin çəkiliş və montaj prosesi zamanı tam yaradıcılıq azadlığı barəsində sovet bürokratiyası ilə razılığa gəlmədi.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti