...

Eurovision ərəfəsində İçərişəhərdə turistlər üçün yeni proqramlar hazırlanıb (FOTO)

Mədəniyyət Materials 21 May 2012 08:00 (UTC +04:00)
“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində İçərişəhərdə görülən işlər və digər məsələlərlə bağlı Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarovun Trend-ə müsahibəsi
Eurovision ərəfəsində İçərişəhərdə turistlər üçün yeni proqramlar hazırlanıb (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir S.Ağayeva/

"Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində İçərişəhərdə görülən işlər və digər məsələlərlə bağlı Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarovun Trend-ə müsahibəsi

- "Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində Azərbaycana, həmçinin İçərişəhərə çoxlu sayda turistlər gəlir. Əcnəbi turistlərin qədim Bakının diqqətəlayiq yerləri ilə tanış olması üçün hansı proqram və tədbirlər hazırlanıb?

- Siz haqlısınız, İçərişəhər özünün mədəni-tarixi abidələri ilə ildən-ilə axını artan əcnəbi turistlərin ən çox sevdikləri yerdir. Bununla əlaqədar qədim şəhərin administrasiyasının fəaliyyəti həm qədim irsin saxlanmasına, həm də dünya standartlarına uyğun turizm infrastrukturlarının yaradılmasına yönəlib.

"Eurovision 2012"-yə hazırlıq çərçivəsində bu nüfuzlu mahnı müsabiqəsinin 2011-ci il mayın 19-da prezidentin sərəncamına uyğun olaraq yaradılan Təşkilat Komitəsi tərəfindən İçərişəhərdə sərgilərin və xalq tətbiqi sənəti predmetlərinin və suvenirlərinin satışı şəbəkəsinin təşkili, turizm xidməti sahələri obyektlərinin böyüdülməsi barədə qərar qəbul edilib. Bu məqsədlər üçün mayın 20-dən 25-dək saat 12:00-dan 20:00-a qədər Qoşa Qala Qapıları qarşısındakı meydanda ənənəvi "Meydan bazarı" təşkil olunacaq. Bura ölkənin bütün regionlarından xalq ustaları dəvət olunacaqlar. Burada milli malların hazırlanması prosesi turistlərə və paytaxtın qonaqlarına əyani şəkildə nümayiş etdiriləcək. Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeçiliyində olan bütün muzeylər may ayından etibarən saat 09:00-dan 21:00-dək iş rejimində çalışırlar. Ərazidə turistlərə İçərişəhər haqqında məlumat və çap məhsulları təqdim etmək üçün və ekskursiyalar barədə üç əlavə məlumat məntəqəsi quraşdırılıb.

"Eurovision" ərəfəsində "Ask me" (Məndən soruş) adlı maraqlı layihəyə start verilib. Yerli və xarici könüllülər üzərində yuxarıda göstərilən yazı olan köynəklərdə qoruğun ərazisində gəzəcək, turistlərə lazımi məlumatlar verəcək, onlara bukletlər və digər materiallar paylayacaqlar. Layihənin ən maraqlı xüsusiyyəti ondan ibarətdir ki, turistlərə informasiyanı artıq müəyyən müddət Azərbaycanda yaşayan, bizim mədəniyyətimiz və tariximizlə tanış olan xarici könüllülər verəcəklər.

İctimai iaşə sahəsinin böyüdülməsi üzrə görülən işlər çərçivəsində milli mətbəxin zərif nümunələrini təklif edən bir sıra obyektlər açılıb.

Turistlər üçün ən maraqlı proqram isə artıq üç il ardıcıl olaraq keçirilən "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı ola bilər. Festivalda müxtəlif ölkələrin məşhur rəssamları iştirak edir. Onlar Qız Qalasının önündəki meydanda tamaşaçıların gözləri qarşısında Qalanın maketlərinə və bundan başqa, ilk dəfə olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi IDEA ekologiya kampaniyasının təşəbbüsü ilə nəsli kəsilmək təhlükəsi altında olan ceyranların maketlərinə hazırlayacaqlar şəkillər çəkiblər.

Festival başa çatdıqdan sonra işlər açıq səma altında Qız Qalası yanında əvvəlki festivalların maketləri ilə birlikdə sərgilənib.

- Məlum olduğu kimi, Qız Qalasında muzey-konservasiya işlərinin birinci hissəsi başa çatıb. Konservasiya çərçivəsində bu barədə hansısa yeni məlumat əldə olunubmu və bu istiqamətdə daha hansı işlər görüləcək?

- Qız Qalası Bakı şəhərinin əsas simvollarından biridir və həmişə sirli şəfəqə bürünüb. 2008-ci ildən birinci xanım, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə dünya irs siyahısına daxil edilən bu unikal abidənin elmi baxımdan öyrənilməsi və muzey konservasiyası texnologiyasının hazırlanması işləri start götürdü. Abidədə dünyanın aparıcı mütəxəssislərinin və müasir tədqiqat metodlarının cəlb edilməsi ilə bu xarakterli işlər ilk dəfədir görülür. Abidənin öyrənilməsi hələ başa çatmayıb. Lakin indiki məqamda XII əsrə aid edilən Məsud ibn Davudun adı yazılan lövhənin abidənin özünə aidiyyəti olmadığı və buraya sonralar yerləşdirildiyi dəqiq məlumdur.

Konservasiya işləri çərçivəsində yeni artefaktlar aşkar edilib və hazırda onlar öyrənilir. 2013-cü ildə konservasiya işləri tamamlandıqdan sonra əldə olunan yeni məlumatlar ekspozisiyaya əlavə olunacaq.

- "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün yaxın perspektivdə hansı yeni işlər görüləcək?

- Yaxın vaxtlarda İdarənin əsas vəzifəsi İçərişəhər və Qala qoruqlarının birləşdirilməsidir. Məlum olduğu kimi, bu il yanvarın 1-dən Bakı qəsəbəsindəki 5 min il yaşı olan bu tarix-etnoqrafiya qoruğu prezidentin sərəncamı ilə bizim idarənin tabeçiliyinə verilib. Bu, qoruqda aparılan mədəni irsin təbliği üzrə işlərin daha keyfiyyətli səviyyəsinə, İçərişəhərin timsalında abidələrin müdafiəsi və qorunub saxlanması üzrə mexanizmin yaradılmasına və qaydaya salınmış turizm infrastrukturunun fəaliyyətinin təminatına nail olmaq məqsədilə edilib.

Təbii ki, İçərişəhərin özü və orada aparılan işlər diqqət mərkəzimizdə qalmaqda davam edir. Abidələrdə bərpa işləri aparılır, bütün mühəndis-kommunikasiya işlərinin əvəzlənməsi işləri, ərazilərin, daxili həyətlərin abadlaşdırılması, tarixi binaların fasadlarının təmiri həyata keçirilir. Muzey fəaliyyətinin təkmilləşdirilməsinə, köhnə ekspozisiyaların düzgün tərtibatına və yenilərinin yaradılmasına, eksponatların alınmasına böyük diqqət ayrılır.

Turistlərin artan marağını nəzərə alaraq, təkcə İçərşəhərə səfərləri deyil, şəhərin və yaxınlıqdakı regionların başqa diqqətəlayiq yerlərinə yeni turizm xidmətləri paketləri yaradılır. Ekskursiya rəhbərlərinin hazırlanması, audiobələdçilər üçün bir neçə xarici dildə mətnlərin tətbiqi intensiv aparılır.

Beləliklə, qarşımızda duran əsas məqsəd və vəzifələr hər iki qoruğun ərazisində cəmləşdirilmiş mədəni irsin yaşama təminatı, qorunub saxlanması və təbliği məsələləri daxil olmaqla, onların bir idarədə birləşdirilməsidir.

Fəaliyyətin inzibati istiqamətləri ilə yanaşı, həmçinin qədim Bakının və Qalanın mədəni-kütləvi işlər, tarix, mədəniyyət, etnoqrafiya və epiqrafikası üzrə çoxsaylı çap məhsullarının hazırlanması və buraxılışı işimizin ayrılmaz hissəsidir.

- Siz qocaman "Nə? Harada? Nə vaxt?" klubunun kapitanısınız. "Eurovision" müsabiqəsi çərçivəsində İçərişəhərə və "Eurovision"a həsr olunmuş viktorina keçirməyə hazırlaşırsınızmı?

- Mənim "Nə? Harada? Nə vaxt?" oyununa olan bütün sədaqətimə və İçərişəhərə sevgimə baxmayaraq, qorxuram ki, biz oyunu keçirməli olmayaq (gülür). Bunun bir neçə səbəbi var. Əvvəla "Nə? Harada? Nə vaxt?" hər hansı mövzunu nəzərdə tutmur. İkincisi, bu oyun postsovet məkanında nə qədər məşhur və populyar olsa da, Avropada az tanınır. Nəhayət, qonaqlarımızın burada olmasında məqsəd tamamilə başqadır. Onları inadkar məşqlərdən yayındırmayacağıq! Qoy, qələbəyə ən layiqli iştirakçı qalib gəlsin!

Xəbər lenti

Xəbər lenti