...

Cəmil Quliyev: Mən Rüstəm İbrahimbəyova daş atmıram, əksinə o, top vurub Kinematoqrafçılar İttifaqını parçaladı

Mədəniyyət Materials 23 İyul 2012 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

Mən Rüstəm İbrahimbəyova daş atmıram, əksinə o, top vurub Kinematoqrafçılar İttifaqını parçaladı. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Mehriban Vəzir və Cəmil Həsənlinin ona qarşı ittihamına cavabında deyib.

Quliyev bildirib ki, Mehriban Vəzir və Cəmil Həsənli öz siyasətini yeritməyə görə cəmiyyətdə yeni ittifaqa qarşı mənfi rəy yaratmaq üçün müxtəlif yollara əl atırlar.

Qeyd edək ki, Mehriban Vəzir mətbuata açıqlamasında bildirib ki, Cəmil Quliyev İbrahimbəyovdan qat-qat cavandır və yaradıcılığı müqayisəyə gəlmir. Özündən çox yuxarıda dayanana daş atmağa başlayır. Cəmil Həsənli isə mətbuata açıqlamasında deyib ki, Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında baş verənlərə heç vaxt etiraz etməyib.

"Bu yollardan biri Rüstəm İbrahimbəyovun müdafiəsini təşkil etməkdir. İbrahimbəyovun kifayət qədər savadı və vəsaiti var ki, özünə vəkil tutsun və onlar kimi vəkillərə ehtiyacı yoxdur. Mehriban Vəzir və Cəmil Həsənliyə bir neçə tövsiyə vermək istəyirəm. Birincisi, siyasətlə sənət arasında böyük fərq var, onlar bunu unutmasınlar. Siyasətdə aparılan oyunlar sənətdə keçmir. Kino sənətinin xüsusiyyətlərini və Kinematoqrafçılar İttifaqının daxilində gedən prosesləri yaxşı öyrənib sonra insanları ittiham etmək lazımdır. Boş-boşuna bizim ünvanımıza ittiham yağdırmasınlar. Bu, insanlarda gülüş doğurur. Cəmil Həsənli deyir ki, guya mən və Oqtay Mirqasım heç vaxt İttifaqın iclaslarında problem haqqında danışmamışıq. Bu belə deyil. Hörmətli Cəmil Həsənli, siz hardan bilirsiz biz demişik, ya yox? Yoxsa bizim iclaslarda İttifaqın katibi kimi iştirak etmisiniz? Siz yalnız Rüstəm İbrahimbəyovun bağında və evində məclislərdə iştirak edibsiniz və ondan bizə qarşı təlimatlar alıbsınız. Bunu hamı bilir", - Cəmil Quliyev deyib.

Quliyev bildirib ki, Oqtay Mirqasımov dəfələrlə iclaslarda Rüstəm İbrahimbəyovun apardığı siyasəti təndiq edib, lakin İttifaqın katibləri onu heç vaxt dəstəkləməyib və o etiraz edərək İttifaqın iclaslarında daha iştirak etməyib.

"Bunun əvəzində Oqtay Mirqasımova qarşı İttifaqda kampaniya aparılıb. İmzalar toplanılıb və 2008-ci il İttifaqın qurultayında İttifaqın siyasətini tənqid etdiyinə görə Oqtay Mirqasımov katib seçilməyib. İttifaqda hər zaman demokratiya və açıq sözə qarşı mübarizə aparılıb. 2001-ci ildə mən və Vaqif Mustafayev Azərbaycan kinoteatrında keçirilən konfransda İttifaqın apardığı siyasəti ciddi tənqid etdik. Təxminən bir neç aydan sonra Rüstəm İbrahimbəyov öz əlaqələri vasitəsilə məni "Yaddaş" dövlət kinostudiyasından işdən çıxartdırdı. İttifaqın 2 il bundan qabaq keçirilən iclasında mən Rüstəm İbrahimbəyova söylədim ki, iclaslarda siyasi məsələlərə qətiyyən toxunmaq olmaz. Bu yaradıcı ittifaqdır və yaradıcı işlərlə məşğul olmalıdır. Etiraz edərək mən ondan sonra İttifaqın heç bir iclasında iştirak etmədim", - Dövlət Film Fondunun direktoru vurğulayıb.

Quliyev Mehriban Vəzirin ittihamlarına cavab derərək bildirib ki, onun Rüstəm İbrahimbəyovla yaş fərqi o qədər də çox deyil.

"Öz mövqeyimi bildirməyə yaş fərqinin heç bir əhəmiyyəti yoxdur. Siz söyləyirsiz ki, mənim yaradıcılığım Rüstəm İbrahimbəyovun yaradıcılığı ilə yanaşı dura bilməz. Mən sizə demək istərdim ki, kino sahəsində savadım kifayət qədər çoxdur. Savadım olmasaydı, Rüstəm İbrahimbəyov məni kino ittifaqının katibi seçməzdi. Mən Rüstəm İbrahimbəyova daş atmıram, əksinə o, top vurub Kinematoqrafçılar İttifaqını parçaladı. Mən sadəcə, öz mövqeyimi bildirmişəm. Biz yeni təşkilatıq, bu təşkilatın fəaliyyəti çoxunu narahat edir, çünki biz işləyəcəyik və köhnə ittifaqın fəaliyyətsizliyi üzə çıxacaq", - Cəmil Quliyev deyib.

Xəbər lenti

Xəbər lenti