...

İçərişəhərdə milli ornamentli şam ağacı

Mədəniyyət Materials 21 Dekabr 2012 15:39 (UTC +04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il olduğu kimi Yeni il bayramına xüsusi hazırlıq işləri həyata keçirir.
İçərişəhərdə milli ornamentli şam ağacı

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il olduğu kimi Yeni il bayramına xüsusi hazırlıq işləri həyata keçirir.

İdarədən Trend-ə verilən məlumata görə, bayram günlərində İçərişəhərdə böyük insan axının, o cümlədən şəhərimizin qonaqlarının olacağını nəzərə alaraq, zəngin mədəniyyətimizin təbliği məqsəd ilə tərtibat və dekorasiya işlərində maddi irsimizin nümunələrindən geniş istifadə olunur.

Qız qalasının qarşısındakı yaşıllıq sahəsi milli ornamentimiz elementi olan butalar şəklində işıqlandırılıb, yaxınlıqda quraşdırılmış dekorativ şam ağacı isə Azərbaycan xalçalarının ənənəvi naxışları ilə bəzədilib.

Hündürlüyü 10 metrə çatan şam ağacı günün işıqlı vaxtı Azərbaycanın bütün xalçaçılıq məktəblərinin nümunələrini əyani şəkildə özündə əks etdirəcək, gecə vaxtı isə xalça naxışlarının sayrışması bayram əhval-ruhiyyəsi yaradacaq.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hamını qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edir, bayram günlərində İçərişəhərə gəlməyi dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti