...

ABŞ şirkətlərinin Azərbaycan haqqında bələdçi kitablar hazırlanması layihəsinə cəlb edilməsi təklif olunub

Mədəniyyət Materials 24 Yanvar 2013 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarı qəbul edib.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə ABŞ səfirliyinin dəstəyi ilə kitabxana, mədəniyyət və incəsənət sahəsində layihələr müzakirə olunub. Görüş zamanı Əbülfəs Qarayev Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən məmnunluq ifadə edib və bildirib ki, nazirlik bu istiqamətdə silsilə tədbirlər keçirməkdə maraqlıdır.

Daha sonra nazir son illərdə Amerikada Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Neft Şirkəti, diaspor təşkilatları tərəfindən Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin təşkil olunmasını xatırladıb.

Morninqstar regionlarda fəaliyyət göstərən kitabxanalarda Amerika "Corners" proqramının koordinatorlarının fəaliyyətinə nazirlik tərəfindən dəstək verilməsini xahiş edib.

Qarayev, öz növbəsində, yeni təmir olunmuş mədəniyyət müəssisələrinin yüksək texniki avadanlığının idarə edilməsi və müvafiq kursların təşkil olunmasında kömək göstərilməsini xahiş edib.

Nazir, həmçinin səfirdən 29 may -1 iyun 2013-cü il tarixdə Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Amerikadan nüfuzlu dövlət xadimlərinin dəvət olunması istiqamətində dəstək göstərilməsini xahiş edib. Daha sonra Qarayev Amerikada fəaliyyət göstərən turizm-bələdçi kitabları nəşr edən şirkətlərin Azərbaycan haqqında bələdçi kitablar hazırlanması layihəsinə cəlb olunması ilə bağlı təklif irəli sürüb.

Görüşün sonunda səfir Morninqstar iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti