Azərbaycan, Bakı, 8 may /Trend/
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Xətai" Sənət Mərkəzi ilə birlikdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Bakı dünən, bu gün, sabah" respublika sərgi-müsabiqəsinin yekun sərgisi keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sərginin açılışı 2013-cü il may ayının 10-da saat 15:00-da Muzey Mərkəzində təşkil olunacaq.
"Bakı dünən, bu gün və sabah" respublika sərgi-müsabiqəsi 2012-ci il oktyabr ayının 9-dan 2013-cü il aprel ayının 15-dək elan olunub. Müsabiqəyə təqdim olunmuş əsərlər ölkə paytaxtının tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirir.
12 mövzu üzrə əsərlərin təqdim olunduğu "Bakı dünən, bu gün və sabah" respublika sərgi-müsabiqəsi Bakı şəhərinin tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən yeni incəsənət əsərlərinin yaradılması məqsədi ilə keçirilir.
Sərgidə 70-dək rəssamın 100-ə yaxın rəngkarlıq, qrafika və kiçik həcmli heykəltəraşlıq əsərləri nümayiş olunur.
Sərgi 2013-cü il may ayının 17-dək davam edəcək.