...

Heydər Əliyev Mərkəzində məşhur caz ifaçısı Şahin Növrəslinin konserti keçiriləcək

Mədəniyyət Materials 7 Oktyabr 2013 13:26 (UTC +04:00)
Heydər Əliyev Mərkəzi Azərbaycan musiqisinin yaşadılması, caz sənətinin inşikafı və müxtəlif mədəniyyətlərin bir-birinə inteqrasiyası istiqamətində daha bir layihə həyata keçirir.
Heydər Əliyev Mərkəzində məşhur caz ifaçısı Şahin Növrəslinin konserti keçiriləcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Heydər Əliyev Mərkəzi Azərbaycan musiqisinin yaşadılması, caz sənətinin inşikafı və müxtəlif mədəniyyətlərin bir-birinə inteqrasiyası istiqamətində daha bir layihə həyata keçirir.

Heydər Əliyev Mərkəzindən Trend-ə bildiriblər ki, bu layihə çərçivəsində oktyabrın 20-də Mərkəzdə məşhur caz ifaçısı, Azərbaycanın əməkdar artisti Şahin Növrəslinin "Bayatı" adlı konserti keçiriləcək. Konsertdə müəllif bəstələri, Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənəcək. Gecədə həmçinin xüsusi qonaq, finlandiyalı müğənni Yanita (Janita) öz məşhur ifaları ilə çıxış edəcək.

Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərinin israrı ilə təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, sonralar isə Bakı Musiqi Akademiyasında davam etdirib. Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək, öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranmış "Əbədi yol", eləcə də "Clajamu" caz solo layihəsi, Motsart və Baxın əsərləri əsasında tərtib olunmuş klassik solo proqramı ilə dünyanın bir çox ölkələrində uğur qazanıb. Şahin Növrəsli Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin kimi tanınmış musiqiçilərlə çıxış edib, albomlar yazdırıb.

Konsertin xüsusi qonağı Yanita (Janita) 1978-ci ildə Helsinki şəhərində anadan olub. Müğənni- bəstəkardır. İndiyə qədər 8 albomu işıq üzü görüb və onlardan bir neçəsi Finlandiyanın "Top 40"da yer alıb.

Konsertin təşkilatı dəstəyi "A+A Event" şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti