...

Parisdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Noyabr 2013 10:24 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 12-də Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi təşkil edilib.
Parisdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 12-də Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi təşkil edilib.

Trend-in Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, muzeyin təsisçisi və prezidenti Jerar Leritiye görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərginin onun rəhbərlik etdiyi müəssisədə təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini bildirib.

Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe Nizami Gəncəvi kimi dünyəvi şairin Fransada az tanınmasından təəssüfləndiyini qeyd edib. P.Fülaşe şairin 20 mindən artıq şerinin toplandığı " Divan"nının Şərq ölkələrində yaxşı tanındığını, onun əsərlərində sosial problemlərdən söhbət açıldığını, məhəbbət və gözəlliyin tərənnüm edildiyini xatırladıb.

Şairin beş poemasının toplandığı "Xəmsə" əsərinin dünya ədəbiyyatında "Beş xəzinə" adı altında tanındığını, Nizami Gəncəvi tərəfindən yaradılan ədəbi məktəbin hind, fars, türk, özbək, əfqan və digər türk dilli xalqların ədəbiyyatına ciddi təsir etdiyini diqqətə çatdıran P.Fülaşe dahi söz ustasının əlyazmalarının dünyanın nüfuzlu muzey və kitabxanalarında, o cümlədən İstanbul, Tehran, Qahirə, Sankt-Peterburq, London, Paris və Berlinin kitabxana və muzeylərində qorunub saxlanıldığını vurğulayıb.

Paskal Fülaşe muzeydə təşkil olunan sərginin humanist filosof və şair Nizami Gəncəvinin Fransada tanınmasında, habelə Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynayacağına əminliyini qeyd edib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Şərq intibahının, bəşəriyyətin parlaq simalarından biri olan Azərbaycanın dahi filosofu və böyük şairi Nizami Gəncəvinin ədəbi sahədə misilsiz irs qoyduğunu bildirib. Diplomat şairin səkkiz əsr bundan əvvəl yaşamasına baxmayaraq onun ideyalarının indi də öz aktuallığını itirmədiyini söyləyib.

Şairin vaxtilə əsərlərində əks etdirdiyi azadlıq, bərabərlik və qardaşlıq, habelə dünyəvilik, qadınlar və kişilər arasında bərabərlik ideyalarının müasir dövrdə də mühüm hadisələrin əsasını təşkil etdiyini vurğulayan səfir Nizami Gəncəvinin xatirəsinin və irsinin bu gün Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Diplomat Nizami Gəncəvinin əsərlərinin müxtəlif dillərdə tərcümə edilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu diqqətə çatdırıb.

E.Əmirbəyov şairin anadan olmasının 850 illiyi münasibətilə UNESCO tərəfindən 1991-ci ilin Nizami Gəncəvi ili elan olunduğunu, 2012-ci ildə Romada şairə büst qoyulduğunu yada salıb, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli söz ustadının 870 illiyi ilə əlaqədar Fransada keçiriləcək silsilə tədbirlər haqda məlumat verib.

Sonda səfir şairin vətəni Gəncənin qədim və müasir həyatından bəhs edən fotolarla bərabər sərgidə nümayiş etdirilən xalçaların, bəzək əşyalarının, geyimlərin Nizami Gəncəvi vaxtında hakimiyyətdə olmuş Atabəylər və Şirvanşahlar dövrünü əks etdirdiyini bildirib.

Mərasimdə senator Pyer Bordie, Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun müəllimi Aygün Eyyubova da çıxış ediblər.

Sərgidə şairin anadan olduğu Gəncə şəhərinin qədim və müasir görnüşlərinin, müxtəlif yerlərdə qoyulan büst və heykəllərinin, movzoleyinin, adını daşıyan elm və mədəniyyət ocaqlarının əks olunduğu fotolardan, əsərlərindən ibarət illustirasiyaların təsvir edildiyi xalçalar, şairin yaşadığı dövrə məxsus geyimlər, dulusçuluq və misgərlik nümunələri nümayiş etdirilib.

Qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar və broşürlar paylanılıb.

FOTO: AzərTAc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti