...

"Yeddi Gözəl" baleti ilk dəfə Amerika səhnəsində (FOTO)

Mədəniyyət Materials 8 Oktyabr 2014 10:32 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkarımız Qara Qarayevin “Yeddi Gözəl” baletinin tamaşası keçiriləcək.
"Yeddi Gözəl" baleti ilk dəfə Amerika səhnəsində (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkarımız Qara Qarayevin "Yeddi Gözəl" baletinin tamaşası keçiriləcək. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən səhnələşdirmə "Yeddi Gözəl" baletinin Amerikada ilk premyerası olacaq.

Tamaşa ABŞ-ın ən böyük opera teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San Dieqo Şəhər Teatrında (San Diego Civic Theater) keçiriləcək.

Tanınmış San Dieqo Baleti tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda səhnələşdirilən "Yeddi Gözəl" baletinə amerikalılar tərəfindən böyük maraq müşahidə olunur. Baletin musiqisi San Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont Kollecinin orkestri tərəfindən ifa ediləcəkdir. Tamaşanın xoreoqrafı San Dieqo Baletinin direktoru, yüksək mükafatlar laureatı Xavier Velasko, dirijoru isə doktor Randal Tviddir. Bütün rollar amerikalı balerin və balerinalar tərəfindən ifa ediləcəkdir.

Tamaşanın təbliği məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən xüsusi internet səhifəsi (http://www.sevenbeauties.us) yaradılıb, Facebook və Twitter kimi sosial şəbəkələrdə də baletlə əlaqədar informasiya xarakterli daim yenilənən səhifələr (https://www.facebook.com/sevenbeauties.us , https://twitter.com/SevenBeauties) istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti