...

Kaliforniyada "Yeddi Gözəl" baleti böyük uğurla nümayiş etdirilib (FOTO)

Mədəniyyət Materials 13 Oktyabr 2014 12:36 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyilə 2014-cü ilin oktyabrın 11-də “Yeddi Gözəl” baleti ABŞ-ın Kaliforniya ştatında səhnələşdirilib
Kaliforniyada "Yeddi Gözəl" baleti böyük uğurla nümayiş etdirilib  (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə oktyabrın 11-də "Yeddi Gözəl" baleti ABŞ-ın Kaliforniya ştatında səhnələşdirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, bununla "Yeddi Gözəl" baleti ABŞ-da ilk dəfə olaraq nümayiş etdirilib.

3000-dən çox amerikalının izlədiyi tamaşa Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonun tanınmış Şəhər Teatrında (Civic Theater) göstərilib.

San Dieqo Baletinin səhnəyə qoyduğu tamaşanın xoreoqrafı sözügedən baletin direktoru, yüksək mükafatlar laureatı Xavier Velaskodur. Baletin musiqisi tanınmış dirijor Randal Tvidin rəhbərlik etdiyi nüfuzlu Grossmont Simfonik Orkestri tərəfindən, bütün rollar isə amerikalı balerin və balerinalar tərəfindən ifa edilib.

Baletin bu yeni səhnələşdirilməsində Azərbaycan milli geyimlərindən, eləcə də "Yallı" kimi milli rəqslərimizin elementlərindən istifadə tamaşanın milli ruhunu daha da gücləndirmişdir. Dahi Qara Qarayevin baleti amerikalı tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

Tamaşadan sonra rəsmi ziyafət verilib. ABŞ federal və yerli seçkili orqanlarının rəsmiləri, San Dieqo və digər müxtəlif şəhərlərin bələdiyyə şuralarının üzvləri, xarici diplomatlar, ictimai və mədəniyyət xadimləri, rejissor və bəstəkarlar, universitet professorları, KİV nümayəndələri və digər şəxslər ziyafətə qatılıblar.

Ziyafətdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev "Yeddi Gözəl" baletinin bu nümayişini həm bu baletin, həm də Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə adlandırıb. Baş konsul uğurla keçən tamaşanı Azərbaycan mədəniyyət diplomatiyasının zəfəri kimi dəyərləndirib.

Sonra ABŞ Konqresmeni Syuzan Deyvis, AR Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Məclisin üzvü Asim Mollazadə, Grossmont Kollecinin prezidenti Sindi Mayls, tamaşanın dirijoru R.Tvid və xoreoqrafı X.Velasko çıxış edərək, tamaşanın önəmindən, "Yeddi Gözəl" baletinin tərənnüm etdiyi tolerantlıq, multikulturalizm kimi bəşəri dəyərlərdən bəhs edib və öz təəssüratlarını bölüşüblər. San Dieqo şəhərinin Beynəxalq Məsələlər Bürosunun rəhbəri Bryus Abrams çıxış edərək, San Dieqo merinin imzaladığı bəyannaməni təqdim edib. Bəyannaməyə görə, 2014-cü ilin 11 oktyabr tarixi San Dieqo şəhərində "Yeddi Gözəl Günü" elan edilib.

AR Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov tamaşada və ziyafətdə iştirak edib.

Qeyd edək ki, tamaşadan dərhal sonra amerikalı tamaşaçılar müxtəlif internet səhifələrində və sosial şəbəkələrdə baletdən yüksək həzz aldıqlarını, Azərbaycan musiqisindən riqqətə gəldiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti