...

Maku şəhəri: Mədəniyyətlərin sintezi (FOTO)

Mədəniyyət Materials 27 Noyabr 2014 12:54 (UTC +04:00)
İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhəri paytaxt Tehrandan 939 km aralıda yerləşir.
Maku şəhəri: Mədəniyyətlərin sintezi (FOTO)

İran, Urmiya, 27 noyabr /Trend, xüsusi müxbir Təmkin Cəfərov/

İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhəri paytaxt Tehrandan 939 km aralıda yerləşir. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1294 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülüb.

Maku I Şah Abbasın hakimiyyət illərinin əvvəlində sadəcə bir qala idi. Maku Səfəvilər dövründə İrəvan şəhərindən köçmüş Bayat adlı Azərbaycan-türk tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (XX əsrin ortaları) Makuda hökmranlıq ediblər.

Maku şəhərinin gözəl təbii landşaftı, çoxlu tarixi məkanı və zəngin təbiəti olan yerləri var. Onlardan mineral su bulaqları, Qalaçuq şəlaləsi, Mərakan qoruq zonası, Baxçe-Cuğ sarayı, məşhur Çaldıran düzünün və başqalarının adını çəkmək olar.

İranın Maku şəhərinin tarixini öyrənən arxeoloq Bəhmən Kargər azərbaycanlı jurnalistlərə açıqlamasında deyib ki, Makunun tarixi 5500 il əvvələ gedib çıxır: "Burada həm albanlar, həm də iranlılar yaşayıblar. Makuda Qafqaz mədəniyyətinə aid 3300 illik tarixə malik əşyalar tapılıb. Onların arasında parıltılı qara saxsı qablar da var. Bu mədəniyyət Rusiyanın cənub hissəsindən, xüsusən də Azərbaycandan İranın Şəhri-Kürd ərazisinədək inkişaf edib".

B.Kargərin sözlərinə görə, müqəddəs hesab edilən Ağrı dağın ətəyində yerləşən şəhərdə Urartu mədəniyyətinə aid nümunələr də tapılıb: "Makunun bir özəlliyi də odur ki, iki dağın arasında yerləşir və şəhərin əsas meydanı iki dağın arasından keçir. Bura miladdan öncə 1100-cu ildə urartuların həm ovlaq, həm də mərkəzi yerləri olub. Urartulara aid yazılı kitabələr də tapılıb ki, burada onların hökmdarlarına aid məlumatlar əksini tapıb".

O, qeyd edib ki, daha sonrakı dövrlərdə burada Ağqoyunlu və Qaraqoyunlulara aid abidələr aşkarlanıb: "Həmçinin Səfəvilərə aid abidələr mövcuddur. Hazırda ətrafına hasar çəkilən qədim Makuya aid şəhər də qalır. Orada cəbbəxanalar və anbarlar var. Orada hələ də insanlar yaşayır".

Maku şəhərində gözəl tarixi abidələrdən biri də Qacarlar zamanı Müzəffərəddin Şah dövründə inşa edilən Sərdar Teymur Paşa sarayıdır (Baxçe-Cuğ sarayı). Bura Baxçe-Cuğ ona görə deyilir ki, eyniadlı kəndin 2 kilometrliyində yerləşir. Sarayda yaşayan hökmdarın adı Teymur Paşa olub ki, ona İqbalüd-dövlə də deyirdilər.

Sarayın memarlığı Avropa memarlıq üslubuna aiddir. Sarayın üz hissəsinə bir sıra heykəllər bənd edilib. Heykəllərin əllərində təsvir olunan üzümlər isə dini motivi göstərir. Bizans dövrünün abidələrində mövcud olan şir başlarının təsviri də bu memarlıq abidəsində var. Binanın üst hissəsində sütunların qabağa çıxması müşahidə olunur ki, bu da Bizans dövrünün simvollarından sayılır. Sarayın içərisində isə gözəl naxışlar var ki, bu da saraya xüsusi gözəllik verir. Binanın içərisindəki rəsm əsərlərində həm Avropa, həm də İrana aid nümunələr var.

Arxeoloq B.Kargərin sözlərinə görə, sarayın tikintisi 30 ilə başa gəlib, ümumilikdə isə 160 illik tarixi var. Bağın ərazisi isə 11 hektardır.

Baxçe-Cuğ sarayı muzey kompleksinin rəhbəri Əhməd Rəhimi azərbaycanlı jurnalistlərə deyib ki, sarayın tikintisində həm rus, həm də iranlı memarlar işləyib: "Sarayın giriş hissəsini Qacarlar dövründə yaşayan iranlı memar işləyib. O, orada gül, kollar və meyvə şəkilləri çəkib. Bunlar da həmin dövrdə çəkilən rəsm əsərləridir və heç bir yenidənqurma işləri görülməyib. Binada yenidənqurma işləri kimi əsasən ağartma işləri görülür".

Ə.Rəhimi bildirib ki, sarayın ikinci girişini rus memar işləyib və rus memarlıq üslubuna uyğundur. Bu memarlıq abidəsi həm Qacarlar dövrünün, həm də çar Rusiyasının memarlıq üslubunun qarışığıdır.

Qeyd edək ki, saray iki mərtəbəlidir, birinci mərtəbədə qonaqlar üçün gözləmə salonu yerləşir. İkinci mərtəbə isə yaşayış sahəsidir. 40 il əvvəl dövlət tərəfindən burada bərpa işlərinə başlanıb və bura muzeyə çevrilib. Binanın içərisində olan rəsmlər arasında həm Avropa, həm də İran süfrə mədəniyyəti öz əksini tapıb. Avropa süfrəsində yüngül yeməklər, İran süfrəsində plov kimi ağır yeməklər də var. Evin içərisindəki əşyalar arasında Rusiya, Avropa, o cümlədən Fransa və Polşadan gətirilən əşyalar üstünlük təşkil edir. Bunların da bir çoxu Avropa hökmdarları tərəfindən Maku sərdarına hədiyyə kimi göndərilib.

İran İslam Respublikası ilə Azərbaycan Respublikasının KİV-ləri arasında əlaqələrin inkişafı məqsədi ilə noyabrın 21-də Azərbaycanın media işçilərindən ibarət 10 nəfərlik nümayəndə heyəti İrana səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti