Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/
"Qaraca çobanın qəbri bərpa olunsun, onun yerləşdiyi Nərgiztəpə abidəsi təmir edilərək hər il ziyarət yerinə çevrilsin". Trend xəbər verir ki, belə bir təkliflə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un "Təpəgöz" boyunun alman şərqşünası, türkoloq, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200" beynəlxalq kollokviumda çıxış edib.
Onun sözlərinə görə, "Dədə Qorqud" dastanındakı Qaraca çoban obrazı realdır: "Qaraca çoban real insan olub. Qaraca adını nəsillərdən nəsillərə ötürən və bu gün də bu adı daşıyan insanlar var. Qaraca çobanın qəbri indi də Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan yeganə hissəsi - Nərgiztəpədə yerləşir. Lakin qəbir digər abidələr kimi erməni işğalçılar tərəfindən məhv edilib. Təklif edirəm ki, Qaraca çobanın qəbri bərpa olunsun. Ümumiyyətlə, "Dədə Qorqud"dakı Nərgiztəpə abidəsi təmir edilməli, insanlar onu hər il ziyarət edə bilməlidirlər".
Buna cavab olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib ki, bu təklif nəzərdə keçirilə bilər: "Bu təklif mütləq dəyərləndirilməlidir. Çünki onun elmi-mədəni dəyərindən əlavə, həm də böyük siyasi-ideoloji əhəmiyyəti var".
Qeyd edək ki, kollokviumda "Qarabağlı Qaraca çoban" adlı sənədli film də nümayiş etdirilib.