...

İrina Bokova: "Azərbaycanın bu prosesdə fəal mövqeyi nümunəvidir"

Mədəniyyət Materials 21 Aprel 2015 19:57 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb.
İrina Bokova: "Azərbaycanın bu prosesdə fəal mövqeyi nümunəvidir"

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlum olduğu kimi, cari ilin 22 aprel tarixində YUNESKO Baş qərargahında İcraiyyə Şurasının sessiyası çərçivəsində ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı prosesi və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Ə.Qarayev YUNESKO-nun baş direktoru İ.Bokova ilə görüşüb.

Görüşdə Ə.Qarayev ölkə rəhbərliyinin salamlarını baş direktora çatdıraraq YUNESKO-nun Forumun rəsmi tərəfdaşı kimi mədəniyyətlərarası dialoq üçün həyata keçirilən fəaliyyətlərə yüksək dəstəyinə görə təşəkkürünü bildirib.

İ.Bokova Forumun müasir dünyada artan gərginlik fonunda beynəlxalq qurumları və dünya ölkələrini öz ətrafında birləşdirən unikal bir platforma olduğunu qeyd edərək Azərbaycanın bu prosesdə fəal mövqeyinin nümunəvi olduğunu bildirib.

Görüş zamanı Azərbaycan-YUNESKO münasibətlərinin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələr və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

Görüşdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti