...

YUNESKO-da Qarabağ atüstü oyunu - çövkənə həsr olunmuş sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 7 May 2015 17:31 (UTC +04:00)
YUNESKO-nun Baş Qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmiş Azərbaycanın Qarabağ atüstü oyunu-çovqana həsr olunmuş sərginin açılışı və məşhur fransız yazıçı və ekspert, Jan-Lui Quronun müəllifi olduğu “Qarabağ atı” kitabının təqdimatı keçirilib.
YUNESKO-da Qarabağ atüstü oyunu - çövkənə həsr olunmuş sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

YUNESKO-nun Baş Qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinin təşkilatçılığı ilə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmiş Azərbaycanın Qarabağ atüstü oyunu - çövkənə həsr olunmuş sərginin açılışı və məşhur fransız yazıçı və ekspert Jan-Lui Quronun müəllifi olduğu "Qarabağ atı" kitabının təqdimatı keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir mayın 16-da YUNESKO-da keçiriləcək Avropa Muzeylər Gecəsi çərçivəsində baş tutub.

Tədbiri açan YUNESKO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Peres Heydər Əliyev Fonduna və Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinə YUNESKO-da çövkənə aid möhtəşəm sərginin keçirilməsinə görə öz təşəkkürünü bildirib.

A.Peres Azərbaycanın YUNESKO-nun 2003-cü il Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının implementasiyasında aktiv rolunu yüksək qiymətləndirib. Baş direktorun müavini çövkənin 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilməsini Azərbaycan hökumətinin qeyri-maddi irsin qorunmasına yüksək diqqətinin göstəricisi kimi qiymətləndirib.

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov qonaqlara Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu - çövkənə həsr olunmuş sərginin açılışında iştirak etdikləri üçün təşəkkürünü bildirib və qeyd edib ki, YUNESKO Avropa Muzeylər Gecəsində 7-ci dəfə iştirak edir və ilk dəfə Azərbaycan YUNESKO tərəfindən tədbirdə dəyərli qonaq qismində iştirak etməyə dəvət olunub.

A.Kərimov çövkənin azərbaycanlıların özünə məxsusluğunun və mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Qədim çövkən oyununun dahi Azərbaycan şairi Nizami Gəncəvinin, "Dədə Qorqud" dastanı və məşhur səyahətçilərin yazılarında əks olunduğunu qeyd edib. Daimi nümayəndə çövkənin Azərbaycanın Qarabağ bölgəsinin atları ilə əlaqədar olduğunu bildirib və qeyd edib ki, həmin ərazilərin işğalı nəticəsində sözügedən at növünün artımı mürəkkəbləşib. Buna baxmayaraq, Qarabağ atlarının qorunması üçün dövlət tərəfindən tədbirlər görülür və çövkənin 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilməsi onun qorunmasına əlavə təkan verib.

Çövkən oyununun artıq Qarabağla yanaşı, ölkəmizin digər regionlarında da yayıldığı diqqətə çatdırılıb. A.Kərimov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatın dəyərlərinin təşviqində və müxtəlif sahələrdə layihələrə göstərdiyi dəstəyi qeyd edib və sərginin keçirilməsində Heydər Əliyev Fondunun rolunu vurğulayıb.

Daimi nümayəndə "Qarabağ atı" kitabının müəllifi Jan-Lui Quroya gördüyü işə görə öz təşəkkürünü bildirib. Çövkən oyununun özündə həm mədəni irs, həm də idmanı ehtiva etdiyini və bu iki elementin sülh və insanların yaxınlaşmasına xidmət etdiyini qeyd edən daimi nümayəndə ölkəmizin bu sahədə konkret fəaliyyətlərini misal gətirib. Belə ki, bu yaxınlarda Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və sərgidə çövkənlə yanaşı yer alan - iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında məlumat qonaqların diqqətinə çatdırılıb.

Məşhur fransız yazıçı və ekspert, "Qarabağ atı" kitabının müəllifi Jan-Lui Quro çövkənin məhz Qarabağ atlarının üstündə oynadıldığını qeyd edib və onun YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs kimi tanınmasının Azərbaycan üçün böyük bir uğur olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan hökuməti tərəfindən Qarabağ atlarının qorunmasına və artmasına böyük qayğı göstərilir. Yazıçı Qarabağ atının dünyada 3 "təmiz qanlı" at növündən biri olduğunu vurğulayıb.

Çıxışlardan sonra sərgidə iştirak edən YUNESKO-da akkreditə olan daimi nümayəndələr, YUNESKO Katibliyinin təmsilçiləri, Fransa ictimaiyyətinin və KİV nümayəndələri sərgi ilə tanış olub, yazıçı Jan-Lui Quronun xatirə sözləri ilə "Qarabağ atı" kitabını əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti