Bakı. Trend:
İsveçrənin Bazel şəhərində "Azərbaycan mədəniyyəti inciləri" çərçivəsində "Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında" adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyevanın təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Respublikasının İsvecrə Konfederasiyasındakı səfirliyinin dəstəyi ilə keçirilib.
Şəhərin məşhur Botanika bağında təşkil olunan muğam axşamında Azərbaycan musiqisinin pərəstişkarları iştirak edib.
Azərbaycandan dəvət olunmuş gənc muğam ifaçıları Ehtiram Hüseynov, Günay İmamverdiyeva və onları müşaiyət edən musiqiçilər Xəyyam Məmmədov, Rövşən Qurbanov qonaqlara unudulmaz anlar yaşadıb. Onlar 55 dəqiqə davam edən musiqi proqramında muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və buradakı əcnəbi qonaqlara çatdırmağa çalışıb.
A.Əliyeva belə tədbirlərin fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpü olduğunu vurğulayaraq, gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə boyük ümid bəslədiyini bildirib. O əlavə edib ki, bu kimi layihələr gələcəkdə İsveçrə musiqiçilərinin də Azərbaycanda konsertlərinin təşkilinə təkan verəcək.
Azərbaycan muğam sənətinə həsr olunmuş ikinci konsert proqramı "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi"nin sədri Qasım Nəsirovla birgə Bern şəhərinin "Ono" Mədəniyyət Mərkəzində təşkil olunub. Bu tədbirdə də Azərbaycan musiqisinin çoxsaylı pərəstişkarları bir araya gəlib.