...

Bakıda 4-cü Gənclər Film Festivalı keçirilir (FOTO)

Mədəniyyət Materials 2 Oktyabr 2017 11:25 (UTC +04:00)
Ötən gün “CinemaPlus Azerbaijan” kinoteatrında ABŞ-ın ölkəmizdəki səfirliyi, “Desperado” musiqi məktəbi və “Azerbaijan Alumni Association”un dəstəyi ilə 4-cü Azərbaycan Gənclər Film Festivalının açılışı olub.
Bakıda 4-cü Gənclər Film Festivalı keçirilir (FOTO)

Bakı. Trend:

Ötən gün “CinemaPlus Azerbaijan” kinoteatrında ABŞ-ın ölkəmizdəki səfirliyi, “Desperado” musiqi məktəbi və “Azerbaijan Alumni Association”un dəstəyi ilə 4-cü Azərbaycan Gənclər Film Festivalının açılışı olub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Haydi Smit çıxış edərək əsas məqsədlərinin iki ölkə arasında mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarət olduğunu bildirib.

Azərbaycanlı gənc rejissorların çox istedadlı olduğunu vurğulayan festivalın direktoru Mayk Reyborn onların gələcəkdə amerikalı rejissorlarla birgə beynəlxalq festivallarda uğurlar əldə edəcəklərinə əminliyini ifadə edib. O bildirib ki, builki festivalda 40-dan çox gənc azərbaycanlı rejissorun ekran işi nümayiş olunacaq və sonda üç qalib filminin müəllifi mükafatlandırılacaq.

Daha sonra qaçqın və məcburi köçkünlərə həsr olunmuş qısametrajlı filmlər nümayiş olunub.

Qeyd edək ki, festivalın builki mövzusu “Öz hekayəni danış”dır.

Oktyabrın 3-dək davam edəcək festivalda Azərbaycan, Amerika və Avropa istehsalı olan ekran əsərləri nümayiş etdiriləcək.

Festivalda bölgələrdən - Gəncə, İmişli, Quba, Xaçmaz, Balakən və Zaqataladan olan gənc rejissorların filmləri də birincilik uğrunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti