...

Beynəlxalq Uşaq Muğam Festivalı qalibləri mükafatlandırılıb (FOTO)

Mədəniyyət Materials 26 Oktyabr 2017 19:26 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində XI Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib.

Trend-in məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyinin, Respublika Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, “Paşa”bankın sponsorluğu və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

İlk olaraq Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda muğam ifaçılığına göstərilən qayğıdan, muğamın inkişafından danışıb. Beynəlxalq Muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.

1997-ci ildən yaranan “Kainat” Gənclik Mərkəzi bu günədək Uşaq Muğam festivallarını təşkil edir.

Builki festivalda 11 ölkədən gəlmiş uşaq muğam ifaçıları Bayramlı Kənan, Ramil Məmmədli, Məmmədova Nəcibə, Zibər Zamanova (Azərbaycan), Toşaliyev Farxod, Xojamberdiyeva Lola (Özbəkistan), Ghaffarov Abduqahhor (Tacikistan), Sara Ashraf Moussa, Sana Nabel Ahmed Ali (Misir), Bakiyev Kabe Shih (Türkmənistan), Bajikov Anuar, Rahimjan Sayat (Qazaxıstan), Ould Ambrouche Ghoslene (Əlcəzair), Raxmonov Diyorbek (Özbəkistan), Şirin Muhammed Eren (Türkiyə), Akmar Laabidi, Firas Kolsi ( Tunis), Mehrab Serbazi (İran) öz ölkələrini təmsil ediblər.

İfaları Beynəlxalq münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinin sədri xalq artisti, tarzən, professor Ağasəlim Abdullayev olub. Festival iştirakçılarını “Araz” xalq çalğı alətləri ansamblı müşayiət edirib.

İştirakçılardan Zibər Zamanova (Azərbaycan)-Qran-priyə, Mehrab Serbazi (İran), Xojamberdiyeva Lola (Özbəkistan) - birinci yerə, Nəcibə Məmmədova (Azərbaycan), Şirin Muhammed Eren (Türkiyə) Qafarov Abduqaxor (Tacikistan) - ikinci yerə, Rahimjan Sayat (Qazaxıstan), Bakıyev Kabe Şhih (Türkmənistan), Ould Ambrouche Ghoslene (Əlcəzair) və Akmar Laabidi(Tunis) - üçüncu yerə layiq görülüblər.

Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verilib. Altı nəfər iştirakçıya həvəsləndirici mükafat təqdim olunub. Finalda iştirak edən bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Konsert muğamsevərlər tərəfindən maraqla və alqışla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində 31 oktyabr saat 19-00-da xalq artisti, tarzən Ramiz Quliyevin “Səslən,tarım” adlı konserti keçiriləcək.

Biletləri şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, online iticket.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti