...

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Fəcr festivalından qayıdıb (FOTO)

Mədəniyyət Materials 25 Yanvar 2018 20:57 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib.
Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Fəcr festivalından qayıdıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib.

Teatrdan Trend-ə verilən məlumata görə, festival öz işinə yanvarın 18-də İranın paytaxtı Tehran şəhərində başlayıb.

Sözügedən festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir.

Dünyanın bütün məşhur teatr kollektivləri bu festivalda iştirak edirlər. Yanvarın 21-də ADGTT-nın kollektivi İran paytaxtında yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” təkadamlıq dramını nümayiş etdirib.Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini yanvarın 22-də və 23-də yenidən nümayiş etdirib.

ADGTT-nın direktoru, nümayəndə heyətinin rəhbəri, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, teatr kollektivinin festivalda iştirakı və dəvət Azərbaycan teatr sənətinə olan maraq və eyni zamanda teatrımıza göstərilən etimaddır. Fəcr Festivalı İranın mədəni həyatında mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində yaradıcılıq əlaqələrinin genişlənməsi istiqamətində bir sıra görüşlər keçirildi. Beynəlxalq miqyaslı bu tədbirdə Almaniya, Şotlandiya, Böyük Britaniya, Türkiyə, Polşa kimi ölkələrdən tanınmış teatr kollektivləri ilə bərabər İran İslam Respublikasının Təbriz, Ərdəbil, Urmiya və başqa şəhərlərindən də teatr truppaları iştirak edirdilər. Bütövlükdə festival çərçivəsində meydan tamaşaları ilə birgə 500-ə qədər tamaşa nümayiş olunacaqdır. Paytaxt Tehran şəhəri başda olmaqla İran İslam Respublikasının digər şəhərlərində də teatr sənətinə böyük maraq və sevgi hiss etdim. Bir sözlə, tam əminliklə demək olar ki, İran teatr sənəti inkişaf etmiş çox teatral ölkədir və teatra böyük maraq olan bir ölkədə tamaşa nümayiş etdirmək istənilən teatr kollektivi üçün çox əhəmiyyətli və vacibdir.

Qeyd edək ki, yanvarın 18-da başlamış festival yanvarın 28-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti