...

Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimat mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Dekabr 2018 18:31 (UTC +04:00)

Bakı. Trend:

Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, hər iki kitab Nazirlik və Milli Kitabxana tərəfindən nəşr olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış ədəbiyyatşünas alimin 110 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən söz açıb: “Görkəmli alim və ədəbiyyat nümayəndələrimizin yubileylərini qeyd etməklə bir daha şahidi oluruq ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti nə qədər dərin və qüdrətlidir, tükənməz xəzinədir. Bu xəzinənin gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyəti var. Biz həmişə öz ənənələrimizə sadiq qalaraq görkəmli şəxsiyyətlərimizin fəaliyyətini dönə-dönə ictimaiyyətə təqdim etməliyik”.

Nazir qeyd edib ki, Mir Cəlal Paşayevin təqdim olunan “Ədəbi tənqid” və “Publisistika” kitabları çox zəngin məlumatları özündə əks etdirir: “Publisistika” məqalələr toplusunda ədibin 1926-1977-ci illərdə qələmə aldığı məqalələri, “Ədəbi tənqid” kitabında isə alimin 1931–1974-cü illəri əhatə edən araşdırmaları yer alıb. Mir Cəlal Paşayevin 110 illiyi münasibətilə bir müddət əvvəl onun biblioqrafik toplusunu təqdim etdik. Eyni zamanda yeni bərpa olunmuş “Bir ailə” filmi nümayiş olundu. Bundan əlavə, respublikanın bütün mədəniyyət ocaqlarında Mir Cəlal müəllimin yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirildi. Bu tədbirlər xalqımızın Mir Cəlal Paşayevə dərin hörmətinin ifadəsi idi. Böyük ədibin çoxtərəfli fəaliyyəti nəinki Azərbaycan xalqı tərəfindən hörmətlə qəbul edilir, onun dərin məzmunlu yaradıcılığı bir sıra xarici ölkədə rəğbətlə qarşılanır, araşdırma mövzusu olur”.

2008-ci ildə ədibin 100 illik yubileyinin ölkəmizlə yanaşı, UNESCO səviyyəsində qeyd olunduğunun bildirən Ə.Qarayev həmin tədbir nəinki Mir Cəlal Paşayevin yaradıcılığının, eyni zamanda Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə töhfə olub: “Mir Cəlal Paşayevin əsərlərini oxuyarkən gəldiyim qənaət budur ki, yazıçı mürəkkəb siyasi-ideoloji bir dövrdə yaşasa da, heç vaxt azərbaycançılıqdan, xalqımızın mənəvi aləmindən uzaq düşməyib. Onun əsərlərində düzgünlük, sadəlik, xalqı sevmək, təhsilə diqqət, etibar, inam və s. insani keyfiyyətlər ön plandadır. Buna görə də müəllifin zəngin bədii yaradıcılığı və elmi tədqiqatları hər zaman aktuallığını qoruyub saxlayacaq, yeni nəsillərin tərbiyəvi-əxlaqi zənginliyində mühüm rol oynayacaq”.

Mir Cəlal Paşayevin əsərlərinin ölkəmizlə yanaşı, xaricdə də təbliğ edilməsinin zəruriliyini vurğulayan nazir diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi tərəfindən Türkiyədə yazıçının “Bir gəncin manifesti” əsəri türk dilində beş min tirajla çap olunub və qardaş ölkədə yayılıb: “Bu gün təqdim olunan kitablar da Türkiyənin ən nüfuzlu kitabxanalarına verilib. Ümumiyyətlə, biz Azərbaycan ədəbiyyatının xaricdə təbliği prosesini sistemli şəkildə davam etdiririk. Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının ərsəyə gəlməsində ədəbiyyatşünas alimlərimiz yaxından dəstək göstərdilər. Azərbaycan ədəbiyyatının inkişafı üçün var gücü ilə çalışan bu insanlara fürsətdən istifadə edib təşəkkürümü bildirmək istəyirəm. İnanıram ki, bu ədəbi görüşlər yeni nəsildə ədəbiyyatımız haqqında zəngin düşüncələrin formalaşmasına təsir göstərəcək”.

Mərasimdə çıxış edən hər iki kitabın elmi məsləhətçisi, akademik Nizami Cəfərov qeyd edib ki, kitablarda dövrün tələbindən irəli gələn, zamanın ruhuna uyğun olan materiallar var ki, həmin mətnlər olduğu kimi saxlanılıb: “Mir Cəlal müəllimin yaradıcılığı həddindən artıq səmimi olduğu üçün bu gün də onun əsərlərinə ürəklə yanaşır, dövrün konyukturasını da zədələməyə çalışmırsan. Ədibin yaradıcılığında gəncliyin ideya axtarışları, millətin oyanış məqamları çox gözəl incəliklərlə vurğulanır”.

Xalq yazıçısı Elçin görkəmli ədib haqqında çoxsaylı məqalələr və xatirələr yazdığını diqqətə çatdırıb. Bildirib ki, Mir Cəlal ədəbiyyatımızın görkəmli nümayəndəsi olmaqla yanaşı, həm də xatirələrdə, yaddaşlarda işıqlı insan obrazı ilə qalan şəxsiyyətdir: “O, xoşbəxt yazıçı və xoşbəxt bir alimdir. Çünki ədəbi tənqid sovet dövründə hakim ideologiyanın tərkib hissəsi idi, ədəbiyyatşünaslıq da həmçinin. Amma baxın, sovetlər dağıldı, biz indi tamamilə başqa bir epoxada, müstəqil Azərbaycan oxucularının tələbatı dövründə yaşayırıq. Amma buna baxmayaraq, Mir Cəlal müəllimin tənqidi də, publisistikası da, bədii əsərləri də bu gün aktualdır. Ona görə ki, o ideologiyaya deyil, ədəbiyyata xidmət edirdi. O həm də böyük pedaqoq idi. Bu gün də tələbələrinin yaddaşında yaşayır və bu tələbələr ondan öyrəndiklərini yeni nəsillərə ötürərək onun xatirəsini yaşadırlar”.

Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, o, hər zaman oxucularının yanında idi. Bütöv şəxsiyyəti ilə Mir Cəlal müəllimin özü bir əsər idi.

Filologiya elmləri doktoru, professor, Mir Cəlal Paşayevin “Ədəbi tənqid” kitabına ön söz yazmış Asif Rüstəmli diqqətə çatdırdı ki, milli ədəbiyyatımızın saflığı, duruluğu Mir Cəlal müəllimi həmişə düşündürüb: “Onun bədii yaradıcılığa yeni gələn, gələcəyinə ümidlər bəslənilən gənclərin əsərlərinə tənqidi münasibəti də sabit və birmənalı olaraq xeyirxahlıq səciyyəsi daşıyırdı. Mir Cəlal müəllimin çoxşaxəli yaradıcılığında, həyat yolunda mənəvi bütövlük var. Bu mənəviyyat məcrasında görkəmli müəllim, alim, yazıçı taleyi görünməkdədir”.

Mir Cəlalın “Publisistika” kitabının ön söz müəllifi Elnur İmanbəyli çıxışında nəşrin gənc tədqiqatçılar üçün dəyəli mənbə olacağını vurğuladı, məqalələrdəki fəlsəfi düşüncələrin əhəmiyyətini qeyd etdi .

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitablarda yer alan məqalələrin ilk dəfə ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu kitablar görkəmli ədibin əvvəllər nəşr olunmuş əsərlərini təkrar etmir. Kitabda dərc olunan materiallar Milli Kitabxananın arxiv fondundan, dövri mətbu nəşrlərdən, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fondlarından toplanıb.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov və vaxtilə Mir Cəlal Paşayevin tələbələri və digər çıxışçılar böyük ədibin həyat yolu və yaradıcılığından söz açırlar, kitabların əhəmiyyətinin vurğuladılar.

Mir Cəlalın ailəsi adından çıxış edən oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Bildirib ki, növbəti tədbirlərdən birinin məhz “Mir Cəlal və müasirləri” mövzusunda həsr olunmasını təklif etdi. Diqqətə çatdırıb ki, ədəbiyyatımızda layiqli yeri olan insanlar çoxdur və onlar haqqında bu cür tədbirlər təşkil edilməlidir.

Atası ilə bağlı xatirələri bölüşən H.Paşayev ixtisasca ədəbiyyatçı olmasa da, Mir Cəlalın bədii irsi sayəsində ədəbiyyata böyük marağı yarandığını deyib. O, kitabların ərsəyə gəlməsində göstərdiyi təşəbbüsə görə mədəniyyət naziri Ə.Qarayevə və yaradıcı heyətə təşəkkürünü bildirib.

Kitabların gənclərə tariximizin öyrənilməsində yardımçı olacağına ümid etdiyini diqqətə çatdırıb: “Mir Cəlalı çox zaman işıqlı adam adlandırırlar. Çox istərdim ki, onun yaradıcılığından, yaratdığı əsərlərdən gənc nəsil də bəhrələnsin və ölkəmizin işıqlı gələcəyinə öz töhfələrini vermiş olsunlar”

Sonda nazir Ə.Qarayev hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, xoş diləklərini çatdırıb.

Qeyd edək ki, yeni nəşrlərin layihə rəhbəri mədəniyyət naziri Ə.Qarayev, elmi məsləhətçisi, akademik Nizami Cəfərov, tərtibçi və elmi redaktoru, professor Kərim Tahirov, redaktoru, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova və filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti