...

Kitabxana Gəncədəki Mirzə Şəfi Vazeh Muzeyinə virtual ekskursiya təşkil edib (FOTO)

Mədəniyyət Materials 23 Aprel 2020 10:58 (UTC +04:00)
Kitabxana Gəncədəki Mirzə Şəfi Vazeh Muzeyinə virtual ekskursiya təşkil edib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazehin adını daşıyan Mərkəzi Kitabxanası Gəncədəki Mirzə Şəfi Vazeh Muzeyinə virtual ekskursiya təşkil edib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə Mirzə Şəfinin xatirəsini yad etmək, #evdəqal çağırışına və koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən ciddi karantin rejiminə dəstək olaraq təşkil olunub.

Layihədə Gəncə şəhər və Göyçay rayon Mərkəzi Kitabxanaları da iştirak ediblər.

Virtual ekskursiya Mirzə Şəfinin anadan olması ilə əlaqədar təşkil olunub. Vazeh yaradıcılığında yaz fəslini böyük məhəbbətlə təsvir etdiyi, təbiət haqqında gözəl şeirlər yazdığı üçün ehtimal var ki, o, yaz aylarında dünyaya gəlib.

Mirzə Şəfi dünyada kiçik şeir janrı formasının ustası kimi tanınır. Həyat eşqi ilə yaşayan şair insan nadanlığını mühakimə edib. Şairin faciəsi onda idi ki, yazdığı çoxsaylı şeirlərinin heç biri onun sağlığında nəşr edilməyib. 1850-1875-ci illərdə Mirzə Şəfinin nəğmələri o dövr üçün çox böyük hesab edilən iki min nüsxə tirajla çap olunub.

Gəncədəki Mirzə Şəfi Vazeh Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərinin Gülüstan qəsəbəsində inşa edilib. 2017-ci il noyabr ayının 10-da muzeyin açılış mərasimi olub.

Videoçarx Mirzə Şəfi Vazeh haqqında Azərbaycan və rus dillərində qısa məlumatla başlanır. Qeyd olunur ki, Vazeh Gəncədə dünyaya göz açıb, təxəllüsü Vazeh (“ifadəli, aydın”) olub. O, şair və pedaqoq olub, şeirlərini Azərbaycan və fars dilində yazıb. Şairin yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, Vazeh çoxlu qəzəllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazıb. Daha sonra şairin F.Bodenştedtə dərs verdiyi haqqında və Vazehin şeirlərinin aqibəti haqqında qısa məlumat təqdim edilir.

Ekskursiyanın əvvəlində ikimərtəbəli Mirzə Şəfi Vazeh Muzeyinin zallarının ümumi görünüşünün fotoları verilib. Tamaşaçılar eksponatlarla, Vazehin möhtəşəm qəzəlləri ilə tanış olurlar. Muzeydə Vazehlə bir dövrdə yaşayan və onunla dostluq edən şair, yazıçı və mütəfəkkirlərin portretləri nümayiş edilir.

Bir-birini əvəz edən fotolarda muzeydə şairin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qərarının və Prezident İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının mətnlərini görmək olur. Böyük şəxsiyyətlərin M.Ş.Vazeh haqqında dediyi sözlər xüsusilə diqqəti cəlb edir.

Muzeydə Vazeh dövrünün ab-havası yaradılıb. Dörd min il tarixi olan Gəncənin tarixi fotoşəkilləri də maraq doğurur.

Mirzə Şəfinin adının əbədiləşdirilməsi ilə bağlı muzeydə ayrıca guşə yaradılıb. Şairin ana dilində yazdığı seirlərin bir çoxu tablolara yazılaraq muzeydə əksini tapıb. Muzeydə Vazehin şeirlərinə musiqi bəstələmiş bir çox bəstəkarların da fotoşəkillərini görmək olar. Burada şairin müxtəlif materiallardan düzəldilmiş heykəlləri vardır. Muzeydə M.Ş.Vazehin XIX-XX əsrin əvvəllərində Avropanın bir çox ölkələrində və Azərbaycanda müxtəlif dillərdə nəşr olunmuş kitabları toplanıb. Videoçarx bir çox dünya kitabxanalarına da göndəriləcək. Onu, həmçinin kitabxananın "YouTube" kanalında izləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti