...

“Elə müsahiblərim var ki, onların Azərbaycana gəlişi ajiotaj yaradar” – AzTV-dəki yeni layihənin rəhbəri

Mədəniyyət Materials 4 Fevral 2021 10:48 (UTC +04:00)
“Elə müsahiblərim var ki, onların Azərbaycana gəlişi ajiotaj yaradar” – AzTV-dəki yeni layihənin rəhbəri

Bakı. Trend:

Xəbər verildiyi kimi, Azərbaycan Televiziyasında yeni layihə - “Yüz ilin adamları” başlayır.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanan verilişdə tamaşaçıları keçmişə maraqlı və eyni zamanda maarifləndirici tele-səyahət gözləyir.

Azərbaycanın son 100 illik tarixinin tanınmış şəxsiyyətləri, tariximizə ömürlük iz qoyan azərbaycanlılar “ADDIM” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadənin sözügedən müəllif layihəsində yer alacaqlar. Onlar barədə qat altında yatan məlumatlar veriləcək, heç yerdə görmədiyiniz kadrlar nümayiş olunacaq.

Hüseyn Cavadzadə aztv.az-a müsahibəsində layihə ilə bağlı maraqlı məqamlara toxunub.

- Hüseyn bəy, “Yüz Ilin Adamları” verilişinin ideyası necə yarandı?

- Bu, müəllif layihəsidir. İdeyası da mənə məxsusdur. Hər zaman beynimdə dolaşan bir fikir idi. Bilirdim ki, çətinliklər olacaq, amma bu, məni narahat etmir. Hər bir detalla şəxsən məşğul olsam da, yorulmuram. Çünki sevgi ilə edirəm. Komanda ilə bərabər bütün proseslərdə iştirak edirəm, istər redaktə, istər rejissor işi... Verilişin istənilən qəhrəmanının həyatını əzbər bilirəm. Yatanda da oyadıb nəsə soruşsalar, bir saniyə belə düşünmədən cavab verə bilərəm. Yəni redaktorun verdiyi mətni əzbərləyib kamera qarşısına keçmək xasiyyətimə ziddir. Mən tarixdə iz qoyan insanların həyatını araşdırmağı çox sevirəm. Hətta bir müddət öncə düşündüm ki, bəlkə bloq və yaxud internet üzərindən hansısa formatda bir layihə edim. Sonra fikrimi dəyişdim və televiziya layihəsi şəklində təqdim etməyə qərar verdim.

- Niyə məhz TV-də yayımlamağı və AzTV-ni seçdiniz?

- İxtisaslarımdan biri məhz televiziya ilə bağlıdır. 10 ilə yaxın televiziya təcrübəm var. Düzdür, ictimai fəaliyyətimlə bağlı olaraq uzun müddətdir televiziyada çalışmıram, amma rəhbərlik etdiyim şirkətin müxtəlif televiziya layihələri olub. Əslində, bilirəm ki, bəzi insanlar üçün televiziyada olmaq tez-tez efirdə görünmək deməkdir. Amma səmimi deyim ki, bu mənə heç vaxt maraqlı gəlməyib, həvəsim olmayıb. Hətta işimlə əlaqədar verilişlərə dəvət alanda da çox seçici oluram və tərəddüdlə yanaşıram. Sözsüz ki, “Yüz Ilin Adamları” layihəsində də məqsəd efirdə görünmək deyil, qarşıma qoyduğum missiyanı layiqincə yerinə yetirməkdir. Ona görə də bu mənim üçün verilişdən də artıqdır, sosial layihə kimi yanaşıram. Biz “Yüz ilin adamları”nı internet vasitəsilə də yayımlaya bilərdik, kinoteatrda da göstərə bilərdik. Amma seçimimiz televiziya oldu.

Xüsusən də AzTV-də yayımlanması olduqca xoşdur. Azərbaycan Televiziyası xalqın televiziyasıdır. Bir neçə kanaldan təklif gəlsə də, bu baxımdan AzTV-ni seçdik.

- Niyə “Yüz Ilin Adamları”?

- İlkin mərhələdə Azərbaycan Demokratik Respublikası dövründən başlayaraq son yüz ilin seçilən şəxsiyyətlərinin həyatını işıqlandırmağı düşünürük. Ona görə də ad seçimimiz belə oldu.

- Bu vaxta kimi televiziya kanallarında buna oxşar verilişlər yayımlanıb. “Yüz Ilin Adamları” digərlərindən nə ilə fərqlənəcək?

- Müəyyən stereotiplər var ki, onu qırmağa çalışmışam. Biz öyrəşmişik ki, sənədli filmlər ağ-qara və daha rəsmi formatda olsun. Amma bizim veriliş belə olmayacaq, daha rəngarəng, daha səmimi, həyatdolu bir ekran işi olacaq.

Bu formatda olan digər layihələrdən başlıca fərqimiz isə internetdən götürdüyümüz foto-videolarla veriliş yığmamağımızdır. Mən həmin şəxslərin izinə düşüb dünyanın dörd bir yanını gəzmişəm. Baninin arxivlərini əldə etmək üçün Parisdən 400 km uzaqlıqda yaşayan ailənin evinə gedib onlarla görüşmüşəm, Qurban Səidin son günlərini keçirdiyi mənzildə olmuşam, məzarını çəkmişəm.

Hətta Rusiya mediasına belə heç vaxt müsahibə verməyən Fərman Salmanovun həyat yoldaşının və oğlunun qonağı olub onların xatirələrini şəxsən dinləmişəm. D.Əmircanov, Ə.Topçubaşov, F.Xoyski və digər görkəmli şəxsiyyətlərin nəvələri, nəticələri ilə müsahibələrimiz var.

Bu yaxınlarda dünyasını dəyişən Rober Osseynlə maraqlı söhbətimiz olmuşdu. Təəssüf ki, ona verilişin hazır variantını görmək qismət olmadı.

Kənardan baxanda bütün bunların arxasında böyük bir zəhmətin durduğu görünür. Sözsüz ki, əziyyətsiz iş olmur, amma mənim üçün bu layihədə zəhmətdən çox sevgi var. İnanıram ki, mütləq fərqlənəcək.

- Anonslarda da görürük ki, layihədə xaricdə yaşamış azərbaycanlılara yer verilib.

- Anonslara baxanda ilk olaraq düşünə bilərsiniz ki, yəqin yalnız xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar barədə danışacağıq. Əlbəttə, bu belə deyil. Təbii ki, “Yüz Ilin Adamları”adlandırdığımız insanlar həm də Azərbaycanda yaşayıblar, indi də yaşayırlar.

Bu gün də elm, siyasət, mədəniyyət sahəsində əhəmiyyətli rol oynayan Flora Kərimova, Tahir Salahov kimi şəxsiyyətlərimiz var. Bu insanlar hamısı bir tarixdir. Düşünürəm ki, onların həyat yoluna nəzər yetirmək, yaşadıqlarını öz dillərindən eşitmək maraqlı olar.

Artıq bir neçə buraxılışımız çəkilib, tamamlanma işləri gedir. İnanıram ki, bu layihə uzunmüddətli olacaq və biz bütün qəhrəmanlarımıza yer ayıracağıq.

- Qeyd etdiniz ki, verilişlərdə müxtəlif arxivlərdən istifadə edirsiniz. Belə arxivlərin ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlara müraciət etməyi planlaşdırırsınızmı?

-İndi məni verilişlə yanaşı, həm də arxivlərin toplanması, ölkəyə gətirilməsi, eləcə də tarixi şəxsiyyətlərin varislərinin Azərbaycanla əlaqələrinin qurulması məsələsi düşündürür. Bu çox önəmli missiyadır və aidiyyəti qurumlara müraciət edərək nələrsə etmək fikrindəyəm. Amma hələ ki pandemiya ilə bağlı alınmır. Ümid edirəm ki, hər şey bitəcək, dünyamız əvvəlki azadlığına qovuşacaq və mən həmin şəxsləri, arxivləri Azərbaycana gətirəcəyəm.

Bizim verilişin çəkilişlərindən sonra Hacı Zeynalabdin Tağıyevin nəticəsi Alban Klod Bakıya gəlmişdi. Onu şəxsən özüm qarşıladım. Yadımdadır ki, Tağıyevin nəticəsinin Azərbaycana gəlişi mediada, ictimaiyyət arasında çox böyük ajiotaj doğurmuşdu. Əslində, onlarla müsahibim var ki, onların Azərbaycana gəlişi böyük əks-səda doğurar, eləcə də qəhrəmanlarımızın arxivlərinin ölkəyə gətirilməsi... İnanıram ki, tezliklə biz həm də bu barədə danışacağıq.

https://www.youtube.com/watch?v=GJ2BBrU2T80&feature=emb_logo

Məqalədə:
Xəbər lenti

Xəbər lenti