...

Bakı Ali Neft Məktəbində Xalq şairi Ramiz Rövşənin poeziya gecəsi (FOTO)

Mədəniyyət Materials 17 May 2022 10:11 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində  Xalq şairi Ramiz Rövşənin poeziya gecəsi (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Xalq şairi Ramiz Rövşənin poeziya gecəsi və tələbələrlə görüşü keçirilib. Əvvəlcə poeziya ustasına həsr edilən videomaterial nümayiş etdirilib.

Sevilən şairi Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov bu görüşün tarixi gün olduğunu vurğulayıb: "Pandemiya dövründə Xalq şairi Ramiz Rövşənlə tələbələrin onlayn görüşünü keçirmişdik. Bu gün hörmətli şairimizi Ali Məktəbdə görməyə şadıq. Bu günü tələbələrimiz ömrü boyu unutmayacaqlar. Bizim tələbələrin həm beyni, həm ürəyi var. Ramiz Rövşən kimi insanlar cəmiyyətə işıq saçan ziyalılardır. Onu sevənlər arasında yaş fərqi yoxdur. Bu, hər şairə nəsib olmur. Ramiz Rövşənin şeirləri əbədidir".

Tələbələrlə görüşlərə xüsusi önəm verdiyini vurğulayan Ramiz Rövşən BANM-də onun yaradıcılığına olan sevgidən qürurlandığını bildirib: "Elmar müəllim burada poeziyaya sevgi yaradıb. Bakı Ali Neft Məktəbinin tələbələrinin şeirə olan sevgisi məni yenidən buraya gətirdi. Adətən deyirlər ki, dəqiq və texniki elmlər sahəsində çalışan insanlar sənətdən uzaq olur. Lakin əksinədir, bu insanların güclü yaradıcı ruha sahib olurlar. Əgər sizin də daxilinizdə şeir, sənət, poeziya sevgisi varsa, bunu inkişaf etdirməyinizi tövsiyə edirəm. Peşəkarlıq və istedad qoşa addımlayır. İstedad Allah vergisidir, peşəkarlıq isə bunu ortaya qoymaq bacarığıdır".

Yeni çapdan çıxan "Köhnə qorxular" və "Sevgi açarı" kitablarını təqdim edən poeziya ustası nəşrdə yer alan şeirləri və tərcümələri barədə məlumat verib. Uşaq yaşlarından şeirə, kitaba olan marağından danışan xalq şairi xatirələrini bölüşüb, sevilən şeirlərini səsləndirib.

Gecədə BANM-in tələbələri də Ramiz Rövşənin şeirlərini səsləndiriblər. Hətta şairin dillər əzbəri olan bəzi şeirləri dəfələrlə səsləndirilib. Sonra Xalq şairi tələbələrin suallarını cavablandırıb. Görüş poeziya mövzusunda səmimi müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti