Bakı. Trend:
Oktyabrın 27-də Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi keçirilib.
Tədbirə Azərbaycanın Baş naziri Əli Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri qatılıblar. Mərasimdə iştirak edən “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov “Azərxalça” ASC-nin teatrı bəzəyəcək nadir xalça nümunəsinin toxunması kimi rəmzi təkliflə çıxış edib.
Konsepsiyaya uyğun olaraq toxunacaq Azərbaycan-Gürcüstan “Dostluq” xalçası özündə ümummilli lider Heydər Əliyevin portreti, hər iki ölkənin çoxəsrlik tarixini əks etdirən rəmzlər, memarlıq abidələri, orijinal xalça nümunələri, həm Azərbaycanın, həm də dost Gürcüstanın mədəniyyət və adət-ənənələri nümayiş etdirəcək. Bu xalça hər iki xalqın tarix, məişət və mədəniyyətinin genetik yaddaşını özündə əks etdirəcək.
Təməlqoyma mərasimində həmçinin İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin 2023-cü ildə birgə layihəsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dövlətin memarı. Bir ömür ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyası da nümayiş olunub. Dövlətə, xalqa xidmətin ən yüksək meyarını yaradan tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin irs və fəaliyyəti xalçadakı ilmələrdə əks olunur.
Dostluğa hər zaman müqəddəs mövhum kimi baxan ümummilli lider Heydər Əliyev gürcü və azərbaycan xalqının dostluğunu daim dəstəkləmiş və inkişaf etməsi üçün əlindən gələni etmişdir: “Biz tarix boyu çiyin-çiyinə yaşayan gürcü və azərbaycan xalqlarının dostluğunu təsdiq edən minlərlə fakt, misal gətirə bilərik”.
Azərbaycan və Gürcüstanı yalnız iqtisadi əlaqələr deyil, qədim və tarixi köklər birləşdirir. Dostluq telləri hər iki ölkəni mehriban qonşuluqdan savayi mühüm strateji tərəfdaşa çevirib. Qarşılıqlı hörmət və etimada əsaslanan, dinamik inkişafa meyilli Azərbaycan-Gürcüstan münasibətləri, onların arasındakı mövcud siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq əlaqələrindən qaynaqlanır. Gürcüstan və Azərbaycan arasında mədəniyyət sahəsində həyata keçirilən layihələr isə hər iki xalqı daha da yaxınlaşdırmaq perspektivlərini hədəfləyir.
Bu layihələrdən biri və hətta ən vacibi isə hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyan mühüm tarixi mədəniyyət abidəsi - Heydər Əliyev adına Azərbaycan Dram Teatrının binasının yenidən tikilməsidir. Bu teatrda İbrahim İsfahanlı, Ələkbər Seyfi, Möhsün Sənani, Ülvi Rəcəb kimi teatr nəhəngləri çalışıblar. Azərbaycan Dram Teatrının səhnəsində Azərbaycan və dünya dramaturgiyasının müxtəlif pyesləri səhnələşdirilib. Tarix kitablarında bu teatrın müxtəlif dönəmlərdə başqa teatrlara yardım etdiyi, başqa teatrların tamaşalarını maliyyələşdirdiyi yazılır.