...

Xalq artisti Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olundu (FOTO) (YENİLƏNİB)

Mədəniyyət Materials 6 Fevral 2024 15:05 (UTC +04:00)
Xalq artisti Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olundu (FOTO) (YENİLƏNİB)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olunub.

Trend xəbər verir ki, mərhum sənətçi ilə əvvəlcə Təzə Pir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mərhumun ailəsi, yaxınları və sənət dostları iştirak edib.

Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, Xalq artisti Rəfiqə Axundova uzun sürən xəstəlikdən sonra bu gecə 93 yaşında vəfat edib.

xxx

12:16

Xalq artisti Rəfiqə Axundova ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Trend xəbər verir ki, vida mərasimində mərhumun yaxınları və bir sıra rəsmi şxəslər iştirak edirlər.

93 yaşında vəfat edən görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn ediləcək. Dəfn saat 14:00-a nəzərdə tutulub.

Qeyd edək ki, Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib (1951–1952, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951–1971). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel ("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.

Əlcəzairdə "Üç inqilab" (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoyub. "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoyub (M.Məmmədovla birgə).

Xəbər lenti

Xəbər lenti