Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası Tovuz rayonunda olub və göz xəstəliyindən əziyyət çəkən sakinlərin müayinəsi və əməliyyatını həyata keçirib.
Trend-in məlumatına görə, səyyar həkim briqadası tərəfindən aparılan iki günlük aksiya zamanı 20-dən artıq sakin əməliyyat olunub, 150-dən çoxu müayinə edilib və onlara məsləhət və tövsiyyələr verilib. Özəlliklə ön cəbhə bölgələrində yaşayan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin bir çoxuna aksiya zamanı bütün dəstək göstərilib.
Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib. Aksiyada iştirak edən millət vəkili Qənirə Paşayeva onların xahiş və müraciətlərini dəstəkləyərəq Tovuza belə bir briqada göndərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və Tovuza gələn səyyar həkim briqadasına bir millət vəkili kimi öz adından və sakinlər adından təşəkkürünü bildirib. Bu cür aksiyaların kənd rayonları üçün böyük əhəmiyyət barədə danışan millət vəkili Tovuzda təkrar belə bir aksiyaya ehtiyac olduğunu da diqqətə çatdırıb: "Növbəti dəfə ən azı 20-dən çox sakinin əməliyyat və 200-ə yaxın nəfətin isə müayinəsi aparılacaq".
Q.Paşayeva kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını deyərək bu cür aksiyaların 10-larla ailənin sevincinə səbəb olduğunu deyib.