Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
Bu gün Türkdilli dövlətlərin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri Ömər Kocamanın rəhbərliyi ilə Gəncəyə gəlib. Onlar 1 noyabr Milli Məclisə seçkilər günü Gəncədə müşahidəçilik missiyasını yerinə yetirəcəklər.
Secki-2015.az saytının xəbərinə görə, qonaqları Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşılıyaraq, Şeyx Nizami Yurdunda onları görməkdən məmnunluğunu bildirib.
Qeyd edib ki, Azərbaycanla türkdilli dövlətlər arasındakı dostluq, əməkdaşlıq münasbətləri, gündən-günə genişlənən əlaqələr hər iki ölkənin inkişafına uğur və töhvələr bəxş edir. İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, dünyada çətin və mürəkkəb proseslərin getdiyi bir zamanda, soy-kökü bir olan xalqlarımız arasında birlik və həmrəylik olduqca vacibdir. Bu birlik hər birimizi gücləndirir. Bizim tariximiz qədim, mədəniyyətmiz zəngindir.Biz bunu qoruyub-saxlamalı və inkişaf etdirməliyik.
Nümayəndə heyətinin rəhbəri Ömər Kocaman onları qonaqpərvərliklə qarşıladığına görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib və Gəncəyə səfərin başlıca məqsədinin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etməkdən ibarət olduğunu deyib. O, bundan əvvəl - 2010-cu ildə keçirilmiş parlament, 2013-cü ildə isə prezident seçkilərini izlədiklərini qeyd edərək bildirib ki, həmin seçkilər yüksək fəallıq şəraitində keçib və noyabrın 1-də keçiriləcək növbəti seçkilərin də azad və şəffaf keçəcəyinə əmindir.
Gonaqlar Gəncədə seçkilərə hazırlığın vəziyyəti, 4 dairə, 107 məntəqənin fəaliyyət göstərdiyi, bütün namizədlərə bərabər hüquqların verilməsi haqqında məlumatlandırılıblar. Seçkilərin yüksək səviyyədə, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün dairə və seçki məntəqələrində hər cür şəraitin yaradılması diqqətə çatdırılıb.
Gorüşdən sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidəçiləri hazırlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün seçki məntəqələrində olublar.