...

Mətbuat Şurası: Jurnalistlərin seçkini işıqlandırmasında maneə qeydə alınmayıb

Seçki 2015 Materials 1 Noyabr 2015 14:16 (UTC +04:00)
Parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə müraciət daxil olmayıb.
Mətbuat Şurası: Jurnalistlərin seçkini işıqlandırmasında  maneə qeydə alınmayıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə müraciət daxil olmayıb. Bu barədə Şuradan Trend-ə daxil olan məlumatda deyilir.

Bildirilir ki, saat 11:00-dan 14:00-dək olan müddətdə parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə müraciət daxil olmayıb. Paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

Monitorinq qrupunda təmsil olunan MŞ-nin İdarə Heyətinin üzvlərindən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı 11 saylı Qaradağ, 10 saylı Binəqədi III, 16 saylı Yasamal II, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı 28 saylı Sabunçu III, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli 22 saylı Nəsimi II, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid 35 saylı Xətai III, 19 saylı Nərimanov I və 20 saylı Nərimanov II, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl 8 saylı Binəqədi I və 9 saylı Binəqədi II seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Bundan başqa Şuraya üzv olan bölgə kütləvi informasiya vasitələrinin əməkdaşları da monitorinqdə iştirak ediblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını, hər hansı maneənin qeydə alınmadığını vurğulayıblar.

Azərbaycan Mətbuat Şurasının Şurasının (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq "qaynar xətt" rejimində fəaliyyətdədir. Saat 08.00-dan 14.00-dək "qaynar xətt"ə cəmi 1 jurnalist tərəfindən müraciət daxil olub. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının köməkliyi ilə "Report" İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə bəzi deputatlığa namizədlərin seçki qərargahlarından müraciətlər daxil olub. Müraciət müəllifləri mübarizə apardıqları dairədəki digər namizədlərin müxtəlif media vasitələrindən yararlanaraq təbliğat və əks-təbliğat işləri apardıqlarını vurğulayıblar. Bu baxımdan eyni dairə ərazisindəki seçki məntəqələrində bir internet informasiya resursunun çoxsaylı əməkdaşının mövcudluğuna, onların seçicilərlə təmaslarda media mənsubu kimi deyil, namizədin tərəfdarı olaraq davranmalarına dair məqamlar qabardılıb. Müraciətlərdə həmçinin ayrı-ayrı saytların materiallarında yol verildiyi iddia edilən qanun pozuntusunun konkret namizədin (ad çəkilməklə) xeyrinə aparıldığının bildirilməsi də narazılıq doğurub.

Mətbuat Şurası jurnalistləri parlament seçkilərində ədalətli rəqabətə maneçilik törədən fəaliyyətdən uzaq durmağa, tərəfsiz mövqedən çıxış etməyə çağırır. Qurum bildirir ki, jurnalistikanın hazırkı işi ölkə ictimaiyyətini seçkinin gedişi ilə bağlı obyektiv və qərəzsiz məlumatlandırmaqdan ibarətdir. Mövcud xüsusda diqqət və riayət edilməli başlıca məqam media fəaliyyətinin Azərbaycan Respublikasının seçki qanunvericiliyində, habelə digər rəsmi sənədlərdə əksini tapmış müddəaları və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsipləridir.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti