Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün ADA Universiteti Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dəstəyi ilə “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” adlı 3-cü Beynəlxalq elmi təhsil konfransının açılış mərasimini keçirib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Vəfa Kazdal qeyd edib ki, təhsil sahəsində olan fəaliyyət dərhal uğurlara gətirib çıxarmır, bu uğurların olması üçün uzun müddət lazımdır.
V.Kazdal deyib ki, konfransda milli ekspertlərlə yanaşı, xarici ekspertlər də çıxış edəcək və öz fikirlərini bölüşəcəklər.
Onun sözlərinə görə, konfransda "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri ətrafında müzakirələr aparılacaq.
İki gün ərzində konfrans iştirakçıları təhsil sahəsində nüfuzlu beynəlxalq ekspertlərdən təhsilin müxtəlif səviyyələrində tətbiq edilən aparıcı beynəlxalq təcrübə ilə tanış olacaq, təhsilin idarəçiliyi islahatlarında siyasəti müəyyənləşdirən maraqlı tərəflər və onların prosesdə iştirakına dair müxtəlif ölkələrdən rəyləri dinləyəcəklər.
Konfrans çərçivəsində ADA Universitetinin Təhsil İnstitutunun bu il "Təhsilin idarə edilməsi" ixtisası üzrə məzun olan ilk buraxılışının diplom işləri və apardıqları elmi araşdırmanın nəticələri ətrafında da fikir mübadiləsi qurulacaq.
Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ən qabaqcıl universitetlərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsi olduqca əhəmiyyətlidir.
Onun sözlərinə görə, "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə qeyd edib ki, gələn il bütün təhsil sistemi üçün çox böyük əhəmiyyətli il olacaq:
"Gələn il 9-cu siniflərlə yanaşı, 11-ci sinif şagirdləri də yeni proqramlar üzrə buraxılış imtahanı verəcəklər".
Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans üçün videomüraciəti səsləndirilib.