...

İstanbul-Bakı aviareysilə külli miqdarda qızılın sərhəddən keçirilməsinin qarşısı alındı

Gündəm Materials 26 Noyabr 2018 17:12 (UTC +04:00)

Bakı. Trend:

Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş çantasını rentgen aparatından keçirib gömrük nəzarətini tərk etmək istəyərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlamadan öncə, vətəndaşa gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif edilib. Bundan sonra o, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 7 ədəd üzük, 7 cüt sırğa, 5 ədəd qolbaq, 3 ədəd kulonlu boyunbağının olduğu sellofan paketi şalvarının cibindən çıxararaq gömrük əməkdaşına təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 154,29 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti