Bakı. Elçin Mehdiyev - Trend:
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tapılaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı Tala kənd sakinləri, qohumlar 36 yaşlı Süleyman və 27 yaşlı Kənan Qurbanovlar, qonşuları 28 yaşlı Səxavət Hümbətov saxlanılıb. Aparılmış araşdırma zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək S. Qurbanova məxsus torpaq sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olublar. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 52 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.