Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi bizi qətiyyən qorxutmur.
Bu fikri "Trt Haber"-ə açıqlaması ilə son günlərdə sosial şəbəkələrdə fenomen olan Gəncə sakini Tariyel Şahverdiyev Trend-ə deyib.
O, atılan raket zərbələrinə görə Gəncə şəhər sakinləri arasında da hər hansı təşvişin yaranmadığını, narahatlığın olmadığını söyləyib:
“Şəhər sakinləri arasında heç bir qorxu, narahatlıq hissi yoxdur. Hər kəs öz işində-gücündədir. Hər şey qaydasındadır. Allah Ali Baş Komandanımıza can sağlığı, Ordumuza qüvvət versin. Hamımızın ürəyi onların yanındadır. Biz özümüz də bu döyüşlərə böyük məmnuniyyətlə qatılmaq istəyirik”.
Sakinlərin artıq atəş səslərinə öyrəşdiklərini deyən T.Şahverdiyev bildirib ki, raket zərbələri nəticəsində şəhərin infrastrukturuna ziyan dəyib: “Gəncə bazarında, “ikinci hissə” adlanan ərazidə dağıntılar yaranıb, şəhərə atılan bəzi raketlər isə partlamayıb”.
Qeyd edək ki, Tariyel bəy 1991-ci ildə Gəncə şəhəri komsomol katibi çalışdığı vaxt eyni zamanda BDU hüquq fakültəsinin tələbəsi olub. O, ailəsindən xəbərsiz azadlıq uğrunda mübarizəmizə dəstək olmaq üçün cəbhəyə getmiş və daha sonra Gəncə batalyonunun komandiri olmuşdur.
Döyüşlər zamanı erməni snayperi tərəfindən yaralanıb. Hətta bir güllə bu gün də Tariyel bəyin bədənindədir, əməliyyat riskli olduğu üçün güllə çıxarılmayıb.