...

Bu işğalı oğluma saxlayan deyiləm! - Şəhid zabitimiz övladına izzətli Qələbə miras qoyub getdi (FOTO)

Gündəm Materials 13 Yanvar 2021 11:21 (UTC +04:00)
Bu işğalı oğluma saxlayan deyiləm! - Şəhid zabitimiz övladına izzətli Qələbə miras qoyub getdi (FOTO)

Bakı. Trend:

Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir! Vətən millətin evi, yurdudur, millət də Vətənin ailəsi, sahibidir. Bir-birinə sahib çıxan millətimizlə Vətənimiz bir-birindən ayrılmayan ətlə-dırnaq kimidir, bu bağlılığı heç bir qüvvə poza bilməz. Qara torpağı Vətən edən isə millətin şah damarı olan onun igidləridir.

Taleyimiz qara rənglərlə çox zəngin oldu, qara həriflərlə yazılmış işğal tariximiz şükürlər olsun ki, doğma torpaqlarımızın azad olunması ilə qızıl həriflərlə yenidən yazıldı. Biz hər birimiz - bu günü görənlər, şahidi olanlar böyük qələbə tariximizin yarandığı zaman kəsiyində yaşadığımız üçün çox şanslıyıq. Qələbə hər dövrdə, hər yüzillikdə olmur. Bu qələbəni bizim taleyimizə yazan, onun sevincini bizə yaşadan Ordumuza, hər bir hərbçimizə borcluyuq. Vətən Onların çiyinləri üzərində dayanır, bütün yükü, ağırlığı ilə və o mərd, igid oğullarımız böyük məsuliyyət hissi ilə bu yükü hər zaman daşıyıblar, bu gün də Vətəni gələcək nəsillərə bütöv, “sağ-salamat” çatdırmağa davam edirlər. Qəhrəman hərbçilərimiz vətəndaşlıq və vətənpərvərlik borcunu qətiyyətlə, əzmkarlıqla yerinə yetirərək, həm 30 ildir köksümüzə saplanıb qalmış xain bıçağı çıxardılar, həm də bizi qalib, məğrur, qürurlu, izzətli millət etdilər.

Şəhid Fərid İzzətli kimi….

Bu qəhrəmanların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Heç kim anadan qəhrəman doğulmur. Qəhrəmanları yaşadığı zaman, mühit, malik olduqları şəxsi keyfiyyətləri və ən əsası mənsub olduğu xalqın ruhu yetişdirir.

Bu qəhrəmanlarımızdan biri də 44 günlük Vətən müharibəsində iştirak etmiş, böyük qələbəmizə öz töhfəsini vermiş, şərəfli ömür yolu ilə ölməzlik qazanan şəhid Leytenant İzzətli Fərid Aydın oğludur.

Fərid 21 mart 1994-cü ildə Şəki şəhərində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və Azərbaycan Ali Hərbi Məktəbə qəbul olub. 2015-ci ildə Akademiyanı Leytenant olaraq bitirib və xidmətinə Bakı şəhəri 877 saylı Hərbi hissədə davam edib. 2016-cı ildə Aprel döyüşlərində istirak edib. 2018-ci ildə Qusar rayon 651 saylı Hərbi hissəyə təyin olunub.

Leytenant Fərid İzzətli ikinci Qarabağ savaşı başlayan gündən - 27 Sentyabr 2020-ci il tarixindən etibarən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonları uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib. 21 Oktyabr 2020-ci ildə Qubadlıda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 22.10.2020 - ci ildə Şəkidə dəfn olunub.

Həlak olmamışdan bir müddət əvvəl Cəbrayılda döyüşərkən hərbi avtomobilləri erməni işğalçıları tərəfindən vurulmuşdu. Fərid atəş zərbələrindən yayınmaq üçün özünü dərəyə ataraq sağ qalmış, lakin qolundan zədə almışdı. Buna baxmayaraq döyüş yoluna davam edən zabitimiz o böyük missiyasını sonadək yerinə yetirdi, bir neçə həftə sonra Qubadlıda Şəhid oldu.

Fərid İzzətli bütün döyüş yoldaşlarına qarşı diqqətli, məsuliyyətli bir hərbçi idi. O, son nəfəsində belə əsgərlərini soruşub onların vəziyyəti ilə maraqlanmışdı. “Əsgərlərim necədi, yaxşıdılar?” deyə soruşan Leytenantın bu cümləsi onun son sözləri olmuşdu.

Fərid çox vətənpərvər, ölkəsini, Vətənini, xalqını sevən insan kimi yaddaşlarda qaldı. Fərid hələ Ali Hərbi Məktəbdə təhsil alarkən nizam-intizamlı, məsuliyyətli bir kursant kimi ad qazanıb, sonra zabit rütbəsinə yüksəlmişdi.

Fərid həm də ailəcanlı insan, yaxşı övlad, məsuliyyətli ata, mehriban həyat yoldaşı idi. Döyüşlərdə iştirak etdiyi müddətdə ailəsinin nigaran qalmaması üçün ön cəbhədə olduğunu onlara bildirməmiş və ailə üzvlərini hər zaman vəziyyətinin yaxşı olduğuna əmin etmişdi. 2020-ci il oktyabrın 19-da ailə üzvləri ilə, yaş yarımlıq oğlu Səid ilə də telefonla danışmışdı. Balaca Səid atasının səsini tanıyır, onu eşidən kimi öz emosiyaları ilə atasına cavab verir, sanki onu qələbəyə ruhlandırır, döyüş əzmini daha da yüksəldirdi. Fərid həyat yoldaşı Nərmin xanımla telefon danışığında bunları deyib: “Biz geriyə çəkilməyəcəyik, yalnız qabağa gedəcəyik, torpaqlarımızı azad edəcəyik. Bu işğalı oğluma saxlayan deyiləm!”.

Azərbaycan Ordusunun Leytenantı sözünə əməl etdi, torpaqlarımızın azad olunması missiyasını oğluna miras qoyub getmədi, ailəsinə, bütün xalqımıza qələbə sevincini, qalib ölkənin vətəndaşı olmaq imkanını, bu şərəfi yaşamağı miras qoyub köçdü bu dünyadan.

Fəridlə sonuncu dəfə əlaqə elə şəhadəti günü oldu. 2020-ci il oktyabrın 21-də atası ilə telefon danışığından bir neçə saat sonra Şəhid oldu. Oktyabrın 22-də ailəsinə bu barədə xəbər verildi. Fərid İzzətli ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı və “İgidliyə görə” medalı ilə təltif edilib.

Fəxrimiz, qürur yerimiz olan şəhid Fərid İzzətlinin ən böyük arzusu yerinə yetdi – torpaqlarımız işğaldan azad oldu. Amma oğlunun böyüyüb həkim olduğunu görmək arzusu nakam ömrü ilə birlikdə bitdi. “Fərid oğlunun böyüyüb həkim olmasını istəyirdi. Hər zaman da deyirdi ki, torpaqlarımızı işğaldan azad edəcəm, bu işi oğluma saxlamayacam. Oğlumun indi atasi yoxdur, amma mən əlimdən gələni edəcəm ki, oğlum atasına layiq övlad olsun, Fəridin arzusunu yerinə yetirsin, atası kimi oğul olsun” - deyə Şəhidin həyat yoldaşı Nərmin xanım öz arzusunu dilə gətirib.

Ölümü ilə ölümsüzlük qazanmış Şəhidim ən yüksək zirvəyə ucaldı – hər kəsin çata bilmədiyi, hər bəndənin qovuşa bilmədiyi bir məqama yüksəldi.

“Allah yolunda öldürülənlərə (Şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” - Qurani-Kərim, “Bəqərə” Surəsi 154

“Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya düşmənə qalib gələrsə, ona böyük mükafat verəcəyik” – Qurani-Kərim, “Nisa” Surəsi 74.

21.03.1994 – 21.10.2020. Bu, Fəridin fani həyatdakı cismani ömür yolu idi. Şəhidin əsil ünvanı isə Cənnət ətirli əbədiyyətdir!

Sevda İlhamqızı
Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti