Bakı. Vüqar İmanov - Trend:
Azərbaycanlı idmançıların Tokio 2020 16-cı Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı hər cür tərifə layiqdir.
Bunu Trend-ə Tokiodan özəl müsahibəsində Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov deyib.
Onun sözlərinə görə, paralimpiyaçıların qazandığı 13 mükafat, 9 qızıl və 4 bürünc medal çox çətin şəratdə əldə olunub:
"İdmançılarımızın uğurları bütün Azərbaycan xalqını sevindirir, amma çox az adam bu qələbələrin hansı çətinliklərlə qazanıldığını bilir. Pandemiya dövründə idmanla məşğul olmaq və formada qalmaq, xüsusilə paralimpiyaçılar üçün çətin idi. Biz bütün çətinliklərdən keçdik və paralimpiyaçılarımız oyunlara 36 vəsiqə qazandı. Hər şey çox ağır və ədalətli mübarizə nəticəsində əldə olundu. Təəssüf ki, Tokioda 2016-cı il paralimpiya çempionumuz, cüdoçu Ramil Qasımovda koronavirus aşkar olundu. İkinci test də müsbət nəticə verdi və idmançı oyunlardan kənarlaşdırılaraq karantinə yerləşdirildi. Onun planlaşdırılan çıxışı zamanı test mənfi nəticə versə də, artıq gec idi. O, 73 kiloqram çəki dərəcəsində qızıl medala ən real namizəd idi. Təəssüf ki, bu, baş vermədi".
Baş katib qeyd edib ki, bundan əlavə, Ramil Qasımovla olan 11 paracüdoçu da ayrı-ayrı təcrid olunub:
"Paracüdoçularla təmas qurmaq olmazdı, onlar özləri məşq etməli, uyğunlaşmalı və qarşılaşmalara hazırlaşmalı idilər. Onların qaldıqlar otaqlar da çox balaca idi. Bütün bunlar onların fiziki və psixoloji vəziyyətinə, nəticələrinə təsir göstərə bilərdi. Hər gün onların və nümayəndə heyətimizin digər üzvlərinin sağlamlıqlarını yoxlayırdılar. Bununla yanaşı, təcrid başlayandan bir neçə gün sonra bizə bildirdilər ki, təyyarədə Ramil Qasımovun yanında həm də, dörd pauerliftinqçi və dörd atlet olub. Nəticədə bu səkkiz nəfər də təcrid olundu. Beləliklə, bizim komandadan 19 nəfər təcrid olunub. Onları hər gün təcrid zonasında avtobusla götürüb yarış zonasına aparır və geri gətirirdilər. Bütün idmançılar istirahət, isinmə, məşq zallarında hazırlıq keçdiyi vaxtda, 19 paralimpiyaçımız darısqal məkanda yerləşdirilib. Yalnız medal qazandıqdan sonra idmanmçılarımız təcriddən çıxarıldı. Bu cür çətin şəraitdə idmançılarımız bu qədər qızıl və bürünc medal qazandı. Hər şey çox böyük fiziki və psixoloji çalışma sayəsində əldə olunub!".
K.Məmmədov vurğulayıb ki, idmançılar üçün əsas motivasiya Azərbaycan ərazilərinin 30 illik erməni işğalından azad edilməsi və bizim qalib dövlət olmağımız olub:
"Gözlərimizin qarşısında Qarabağ müharibəsi şəhidlərinin və qəhrəmanlarının nümunəsi dayanıb. Bizim paralimpiyaçılarımız da Azərbaycan xalqının və dünyadakı həmyerlilərimizin fəxr edə biləcəyi qəhrəmanlara çevrilib. Qarşıda hələ çox çıxışlar var və biz fəxr edirik ki, şərəf və qürurla ölkəmizi təmsil edirik! Paralimpiyaçılarımız adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəstək və sosial şəbəkələrdə təbriklərinə görə təşəkkür edirəm! Bu, idmançılar üçün böyük motivasiyadır. Azərbaycan xalqına da dərin minnətdarlığımızı bildiririk. Paralimpiyaçılarımız təkcə KİV-ləri deyil, həm də sosial şəbəkələrdə şərhləri oxuyur. Trend BİA-ya da Tokioda hadisələrin işıqlandırılmasına görə xüsusi təşəkkürümüzü bildirmək istərdim".
Yekunda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun idmançıların Oyunlara hazırlanmasında əvəzsiz rolu qeyd olunub:
"Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov üçün bu Oyunlar sayca yeddinci olub. Bu müddət ərzində nəhəng təcrübə toplanıb, zəruri şərait yaradılıb, təlim-məşq toplanışları keçirilib, paralimpiyaçılar lazım olan hər şeylə təmin olunub. Onun bütün proqnozları özünü doğruldur və bu, beynəlxalq paralimpiya hərəkatı təşkilatları tərəfindən yüksək qiymətləndirilir".
(Tərcümə: Orxan Nəbiyev)