...

Jurnalistlər binasına parket əvəzinə niyə laminat vurulub? - Məhkəmə

Gündəm Materials 4 Noyabr 2021 18:10 (UTC +04:00)
Jurnalistlər binasına parket əvəzinə niyə laminat vurulub? - Məhkəmə

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokurorun suallarını cavablandıran təqsirləndirilən Bünyamin İsmayılov bildirib ki, layihədə göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edib.

Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərliyə sual verərək ondan binaların tikintisi zamanı parketlərin əvəzinə laminatdan istifadə edilməsi barədə soruşub.

V. Səfərli bildirib ki, onun bu məsələdən sonradan xəbəri olub: "Sənəddə əvvəl laminat yazılmışdı, mən sonradan bildim ki, parket vurulmalı imiş. Ümumiyyətlə, orada bəzi işlər var idi ki, layihədə nəzərdə tutulmamışdı, amma görülməli idi”.

Şahid Telman Tahirov bildirib ki, jurnalistlər üçün tikilən ikinci və üçüncü binanın layihələrini o hazırlayıb: “İkinci bina üçün hazırladığım layihənin qarşılığında 1 milyon 108 min, üçüncü bina üçün 871 min manat ödənilib. Bizim hazırladığımız layihə Dövlət Ekspertiza Komissiyasının rəyinə əsasən qüvvəyə minib. Mənə heç kim pul verməyib. Vüqar Səfərlinin pul mənimsəməsi barədə məlumatım yoxdur”.

Prokuror sual verib ki, layihələrin ümumi dəyəri ittiham aktında 4 milyon 292 min manat göstərildiyi halda T.Tahirovun dediyi rəqəmlər nəyə görə aşağıdır? T.Tahirov təklif edib ki, yenidən ekspertiza təyin olunsun və rəqəmlərin həqiqiliyi araşdırılsın.

Proses noyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti