Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Sayad Vəliyeva bildirib ki, o, "Star" loqistik şirkətinin rəhbəri olub.
"Atam 2018-ci ildə şirkəti təsis edib. Dəftərxana malları satırdıq. Şirkətin direktoru atamın sürücüsü Çingiz Həsənov idi. 2019-cu ildə atam Çingizi işdəm çıxardı. Bu səbəbdən məni direktor təyin etdilər. Vüqar Səfərlini tanımıram, mən direktor olandan sonra hər hansı bir alqı-satqı olmayıb. 2020-ci ildə atam rəhmətə getdikdən sonra şirkət fəaliyyətini dayandırdı. Atamın hansı şirkətlərlə çalışdığından xəbərim yoxdur" - deyə, şahid bildirib.
Prosesdə ifadə verən şahid Mirsəid Ağayev bildirilib ki, Vüqar Səfərlinin işçisi olub və fondda informasiya texnologiyaları üzrə mütəxəssis kimi çalışıb. "Fondda texniki işlərlə məşğul olmuşam, çəkilişlər etmişəm. Təbdirlərin həyata keçirilməsində texniki işlərə baxırdım. Tender komissiyasının üzvü olmuşam, amma faəliyyətim olmayıb. Fondda avadanlıq alanda mən baxırdım. Tenderlə bağlı saytda və qəzetlərdə elan verirdik" - deyə, o bildirib.
Şahid vəkillərin suallarına cavab olaraq deyib ki, Vüqar Səfərli ona heç bir qanunsuz tapşırıq verməyib.
Daha sonra prosesdə ifadə verən şahid Samir Mustafayev isə deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda aparıcı məsləhətçi olub, fondda rəsmi yazışmalara, hesabatlara, təbdirlərin təşkilinə və qurumun mətbuat xidməti funksiyalarını yerinə yetirib.
"Vüqar müəllim rəhbərimiz olub, Nadir müəllimi də qiyabi tanıyıram. 2014-cü ildən fondda çalışmışam. İstintaqda verdiyim ifadələri təsdiq edirəm. İstintaqda mənə Hesablama Palatasının yoxlama ilə bağlı hazırlanan rəylə bağlı suallar veriblər. Mən də təsdiqləmişəm" - S. Mustafayev deyib.
Fondun restoranlardakı tədbirlərindən danışan şahid bildirib ki, siyahıların hazırlanmasında Vüqar Səfərli ilə birlikdə o da iştirak edib: "Siyahılarda adam 250 nəfərə qədər olurdu. Restoranda 250 nəfərlik yer açılırdı. Lakin 450 nəfəri mən görməmişəm. Saymaq da mümkün deyildi. Onu deyə bilərəm ki, tədbirə dəvət olunanlardan daha çox adam gəlirdi. Jurnalistlər var idi, siyahıda adı olmurdu, lakin tədbirə gəlirdi. Heç kimi də geri qaytarmaq olmurdu. Fondun rəhbəri Vüqar Səfərli idi. Lakin bilavasitə rəhbərliyi Prezident Aparatının sabiq ictimai-siyasi şöbənin müdüri Əli Həsənov həyata keçirirdi. Fondda həm də Müşahidə Şurası var idi. Müşahidə Şurasının iclaslarında düzünü deyim ki, məsələrlər əvvəlcədən razılaşdırılırdı. Sadəcə, iclasda müzakirəyə çıxarıldı, qəbul edilirdi. 2017-ci ilə qədər fondda tender komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq. 5 nəfər tərkib üzvü seçildi. Onlardan biri də mən seçildim. İclaslarda demişdim ki, tenderi elə keçirək ki, gələcəkdə indi düşdüyüm vəziyyətə düşməyək. Biz tender barədə qanunvericiliyə əsasən KİV-də və öz saytımızda elan verirdik.Tenderlə bağlı bütün lazımi işlər görülüb. Elə bir tender yox idi kağız üzərində yazılsın, lakin həyata keçirilməsin. Amma düzünü deyim ki, tenderlərlə bağlı iclaslar keçirilsə də, orada təkliflərlə bağlı zərflərə baxılmayıb. Lakin ümumi danışılıb. Qalan məsələrdən mənim xəbərim yox idi".
Məhkəmə prosesi noyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb. Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub. Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.