...

Ombudsmanın Qarabağ regional mərkəzinin yaradılması nəzərdə tutulur - Səbinə Əliyeva (Müsahibə)

Gündəm Materials 18 İyun 2022 13:39 (UTC +04:00)
Ombudsmanın Qarabağ regional mərkəzinin yaradılması nəzərdə tutulur - Səbinə Əliyeva (Müsahibə)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Trend-ə müsahibəsi

- Artıq 15 ildir ki, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Belə bir əlamətdar günün təsis olunması və həmin gün ərəfəsində tərəfinizdən “İnsan Hüquqları Aylığı”nın elan edilməsi hansı zərurətdən irəli gəlib?

- Tamamilə doğru buyurursunuz, bu il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən Azərbaycanda İnsan Hüquqları Gününün elan olunmasından 15 il ötür. Belə bir əlamətdar günün təsis olunması Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsi ilə bağlıdır.

Yeri gəlmişkən, 18 – İyun - Azərbaycanda İnsan Hüquqları Günü münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edir və müstəqil dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində uğurlar arzulayıram.

Diqqətinizə çatdırıram ki, hər il olduğu kimi bu il də həmin əlamətdar gün ərəfəsində tərəfimizdən ölkədə “İnsan Hüquqları Aylığı” elan edildi. Bununla bağlı dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya açıq müracət ünvanladıq, onları təşəbbüsə qoşulmaqla Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər təşkil etməyə çağırdıq.

18 may - 18 iyun tarixlərini əhatə edən Aylığın əsas məqsədi isə insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarət idi.

Bu gün yekun vurduğumuz Aylıq çərçivəsində çağırışımıza dəstək olaraq müxtəlif qurumlar tərəfindən insan hüquqlarına həsr olunmuş mövzular üzrə silsilə maarifləndirmə tədbirləri keçirildi, sosial çarxlar hazırlandı, mediada və sosial şəbəkələrdə insan hüquqları təbliğ edildi, insanların müraciətlərinə operativ şəkildə baxılmaqla pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha da artırılmasında fəallıq göstərildi. Təbii ki, bütün bunlar insan hüquqlarının səmərəli müdafiəsinə, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına öz töhfəsini verdi.

- Məlum olduğu kimi insan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir. Bu baxımdan ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən islahatları nece dəyərləndirirsiniz?

- Bu barədə danışarkən ilk növbədə böyük ehtiram hissi ilə qeyd etmək lazımdır ki, müstəqil ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün müsbət dəyişikliklər əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan genişmiqyaslı islahatlar nəticəsində mümkün olub. Hüquqi islahatların təməli 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə qoyulub. Bunun ardınca 1996-cı il 21 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyasının yaradılması ilə mütərəqqi qanunvericilik aktlarının layihələri hazırlanaraq qəbul edilib.

Təqdirəlayiq haldır ki, əsası Ulu öndər tərəfindən qoyulmuş hüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və daha da inkişaf etdirilir. Məhz bunun nəticəsidir ki, son dövrlər ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində böyük nailiyyətlər əldə edilib. Bu konteksdə qüvvədə olan normativ hüquqi bazanın mütəmadi olaraq müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqlarının səmərəli təmininə xidmət edən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət plan və proqramlarının, konsepsiyaların, strateji yol xəritələrinin, habelə digər bu kimi əhəmiyyətli sənədlərin təsdiq edilərək icra olunması, institusional mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi hazırda da davam etdirilməkdədir.

Dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin daha səmərəli təmin edilməsinə yönəlmiş bütün bu islahatlar cəmiyyət tərəfindən də müsbət dəyərləndirilir.

- Ombudsman təsisatı insan hüquqlarının müdafiəsi sahəsində hansı işləri görür?

- Müasir dövrdə ombudsman hüquqi dövlətin mühüm atributlarından biri kimi çıxış edir. Bu gün müxtəlif ölkələrdə fərqli adlarla fəaliyyət göstərdiyinə baxmayaraq, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxs ümumqəbul olunmuş Ombudsman adı ilə tanınır.

Dünya təcrübəsini rəhbər tutaraq qeyd etmək olar ki, Ombudsman təsisatı qanunvericilik, icra və məhkəmə hakimiyyətlərindən heç birinə aid olmayan, lakin öz mahiyyətinə, həyata keçirdiyi əhəmiyyətli funksiyalara görə dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının məhkəmədən kənar müdafiəsinə xidmət edən geniş mandata malik müstəqil bir qurumdur. Bu təsisat insan hüquqlarının təmini məqsədilə qanunvericiliyin, institusional mexanizmlərin və ictimai idarəetmənin təkmilləşdirilməsi sahəsində təkliflər irəli sürür, dövlət qurumları ilə əhali, habelə vətəndaş cəmiyyəti institutları arasında “körpü” rolunu oynayır.

Bu baxımdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında artıq 20 ildir ki, müstəqil bir qurum olaraq fəaliyyət göstərən Ombudsman təsisatı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilib.

Bununla əlaqədar Ombudsman “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir. Eyni zamanda informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair, habelə amnistiya elan edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verə bilər.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, ona əməl edilməsi, təmini vəziyyətinin öyrənilməsi, monitorinqi və təhlili, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinin əsasını təşkil edir.

Yeri gəlmişkən vurğulamaq istərdim ki, insanlar hüquqlarının müdafiəsi məqsədilə öz müraciətlərini Ombudsmana müxtəlif vasitələrlə, o cümlədən poçt və elektron poçtu, onlayn müraciət qaydasında göndərir, Ombudsmanın Aparatı və regional mərkəzlərindəki qəbul otaqları, 7/24 rejimində fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, həmçinin sosial şəbəkələr vasitəsilə çatdırır, eyni zamanda Ombudsmanın və təsisat əməkdaşlarının cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, təhsil, tibb, sosial xidmət müəssisələrinə, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə başçəkmələri zamanı təqdim edirlər.

Ombudsman olaraq, cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də sosial baxımdan həssas əhali qruplarına aid edilən insanların, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın, məcburi köçkün və miqrantların, əlilliyi olan şəxslərin, qadınların, uşaqların, ahılların, hərbi qulluqçuların, həbsdə saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi məsələlərini daim diqqət mərkəzində saxlayırıq. Bu qəbildən olan şəxslərin pozulmuş hüquqlarının bərpası, habelə pozulmasının qarşısının alınması istiqamətində tərəfimizdən zəruri tədbirlər, o cümlədən hüquqi maarifləndirmə fəaliyyəti həyata keçirilir.

- Bir qədər də müharibə və post müharibə dövründə Ombudsmanın həyata keçirdiyi fəaliyyət barədə qısa məlumat verməyinizi xahiş edirik.

- Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsini və o dövrdə arxa cəbhədə gecə-gündüz çalışdığımızı təsisat olaraq heç vaxt unutmayacağıq. İstər müharibə, istərsə də postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ifşa edən geniş fəaliyyətimiz olmuş, həyata keçirdiyimiz faktaraşdırıcı missiyaların nəticələri əsasında hesabatlar, bəyanat və müraciətlər hazırlayaraq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına göndərmişik. Xüsusilə bildirmək istəyirəm ki, Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə bağlı tərəfimizdən bu günə qədər 15 hesabat, 22 bəyanat, 7-si video formatda olmaqla, 24 müraciət ünvanlanmışdır.

44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hədəfə aldığı Naftalan, Tərtər, Gəncə və Bərdədə 10 faktaraşdırıcı missiya həyata keçirilmiş, əldə olunan sübut və faktlarla bağlı müvafiq məlumatlar Ombudsmanın rəsmi internet səhifəsində, “Facebook”, “Twitter”, “Instagram” və “Youtube” hesablarında, eləcə də yerli və beynəlxalq mətbuatda dərc edilmişdir. Bundan əlavə, müharibə və post müharbə dövründəki fəaliyyətimizlə bağlı indiyə qədər yerli və beynəlxalq media resurslarına müsahibələr verməkdə davam edir, sosial şəbəkələrdə yayımlanan məlumatlara dərhal münasibət bildiririk.

Təşəbbüsümlə müharibədən sonrakı dövrdə bir neçə xarici nümayəndə heyətləri Ermənistan işğalından azad edilmiş ərazilərimizə səfər etmiş və mülki əhalinin və yaşayış infrastrukturunun zərər çəkdiyi torpaqlarda faktaraşdırıcı missiyalar aparmışlar. Həmin nümayəndə heyətlərindən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasını, həmin təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasını, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunı, Bolqarıstanın Ayrı-Seçkilik əleyhinə Müdafiə Komissiyasını misal göstərə bilərik.

Bir də əsas diqqətimizdə saxladığımz məsələ müharibənin başladığı andan etibarən şəhid ailələri və müharibə veteranlarının hüquqlarının təminidir. Belə ki, mütəmadi olaraq şəxsən və ya nümayəndələrim vasitəsilə şəhid və qazi ailələrini ziyarət edir, qarşılaşdığı problemlərlə maraqlanır və səlahiyyətimiz çərçivəsində yerindəcə həll edirik.

- Son iki il ərzində Ombudsman təsisatında hansı yeniliklər baş verib?

- Ombudsman Aparatında son iki il ərzində kifayət qədər böyük yeniliklər baş verib, beynəlxalq təşkilatların və xarici ölkə ombudsmanlarının təcrübələri nəzərə alınmaqla yeni struktur islahatları həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.8-ci bəndində “Vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Ombudsmana müraciətlər üçün vahid qaynar xəttin yaradılması” təsbit olunduğundan dərhal icrası üçün tədbirlər görülüb və təsisatda “Çağrı Mərkəzi” adlı ayrıca sektor yaradılıb. Bununla da, vahid formada fəaliyyətə başlayan 916 Çağrı Mərkəzi ölkə əhalisi üçün daha əlçatan olub.

Bundan başqa, 2020-ci ildə Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun, 2021-ci ildə isə Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun, habelə Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradılmasını da qeyd etmək yerinə düşərdi.

Onu da qeyd edim ki, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə yönəldilmiş fəaliyyətimizi bir qədər də təkmilləşdirərək ardıcıl islahatlar həyata keçirmək və ölkəyə həm yerli, həm də beynəlxalq nöqteyi-nəzərdən fayda vermək istiqamətində davam etdirəcəyik.

- Hazırda Ombudsman təsisatının qarşısında duran vəzifələr nədən ibarətdir?

- Hazırda Ombudsman təsisatının qarşısında duran vəzifələrdən ən əsası “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununda əlavə və dəyişikliklərin edilməsi, “Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində 2023-2027-ci illər üzrə Milli Fəaliyyət Proqramı”nın hazırlanması və Müvəkkilin fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Ombudsman Aparatının yeni strukturunun təsdiq olunmasıdır.

Bildiyiniz kimi 4 regionda – Şimalda (Quba, Xızı, Siyəzən, Şabran, Qusar, Xaçmaz rayonları əhatə olunmaqla), Cənubda (Cəlilabad, Neftçala, Salyan, Biləsuvar, Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara rayonları əhatə olunmaqla), Şərqdə (Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Mingəçevir şəhəri əhatə olunmaqla) və Qərbdə (Gəncə, Naftalan şəhərləri, Yevlax, Göygöl, Daşkəsən, Samux, Goranboy, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları əhatə olunmaqla) Ombudsmanın regional mərkəzləri fəaliyyət göstərir. Struktur islahatları çərçivəsində işğaldan azad edilmiş ərazilərimizi əhatə edən Qarabağ adlı yeni regional mərkəzin yaradılmasını nəzərdə tutmuşuq.

Eyni zamanda hüquqi maarrifləndirmə fəaliyyətinin genişləndirilməsi, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi, Ombudsmanın fəaliyyətinə köməklik göstərmək məqsədilə Müvəkkilin yanında yeni tərkibdə Ekspertlər Şurasının yaradılması, beynəlxalq müqavilələrin monitorinqi və beynəlxalq hüquq normalarının milli səviyyədə implementasiyası prosesində yaxından iştirak edilməsi və yeni beynəlxalq sənədlərə qoşulmaqla bağlı təkliflərin hazırlanması nəzərdə tutduğumuz işlər siyahısındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti