Bakı. Trend:
Hər gün internetdə yeni haker hücumu xəbərləri ilə rastlaşırıq. Bəs biz nə edəcəyik?
Bugünkü intensiv IP-əsaslı həyatda, məlumatlarımızın təhlükəsizliyini təmin etmək üçün birlikdə birdən çox tədbir görmək lazımdır. Bu tədbirlər arasında ən çox müzakirə olunanı isə, şübhəsiz ki, internetdə onlarla fərqli yerdə istifadə etdiyimiz istifadəçi şifrələridir.
İnternetdə bank və sosial mediadan tutmuş xəbər saytlarına qədər bir çox yerlər təklif etdikləri şəxsi xidmətlər üçün istifadəçi adı və şifrə ilə daxil olmanızı tələb edir. Hamımız bilirik ki, bu şifrələr güclü olmalıdır, lakin əsl problem bu “güclü şifrə”ni necə yarada biləcəyimiz sualından başlayır.
Bir çox internet saytları var və hamısında eyni şifrədən istifadə etmək düzgün deyil. Ancaq yaratdığımız bu fərqli şifrələri qarışdıra bilərik.
Bəs biz nə etməliyik?
Yadda saxlanması asan şifrələrin seçilməsi yeganə həll yolu kimi görünür və milyonlarla asanlıqla sındırılan şifrələr belə yaradılır. İndi diqqət yetirin; deyirəm. Hardan bildiyimə təəccüblənəcəksiniz: 123456, qwerty, "övladınızın adı+doğum tarixi"...
Bəs biz nə edəcəyik ki, unutmayacağımız və asanlıqla ələ keçirilə bilməyən şifrələr yarada bilək? İki sadə "qızıl qayda" var:
1) Seçdiyiniz şifrə 8 simvoldan az olmamalıdır.
2) Mənalı söz olmamalıdır.
Bəs mənasız və ən azı 8 simvoldan ibarət şifrəmizi necə xatırlayırıq? Burada sizə faydalı bir təklif verməklə yazımızı yekunlaşdırmaq istərdim. Bəyəndiyiniz bir cümlə və ya şeir, mahnı sözləri götürün, hərfi müəyyən ardıcıllıqla seçin (məsələn, son hərf və ya ilk hərf). Sevdiyiniz söz və ya mahnını unutmaq çətindir.