...

Şuşada şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsinə start verilib (FOTO)

Gündəm Materials 29 Avqust 2022 16:04 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində Qarabağın incisi, mədəniyyət beşiyimiz, azad Şuşada keçirilən “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi açılış mərasimi baş tutub. Artıq ikinci ildir ki təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünə inam və həmrəylik hisslərini gücləndirmək, keçiriləcək müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır.

Dövlət Himninin səslənməsi ilə başlayan açılış tədbirində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmi şəxslər, tərəfdaş qurumların nümayəndələri, Vətən müharibəsi qaziləri, təşkilat üzvləri və media mənsubları iştirak ediblər. Dahi Bülbülün ev muzeyində keçirilən tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müavini Tural Novruzov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov çıxış edərək iştirakçıları salamlayıblar. Daha sonra Şuşa fatehləri adından Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov və düşərgə iştirakçıları adından Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun qızı Hilalə Əfqan çıxış ediblər. Natiqlər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, rəşadətli Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bir parçası olan şəhid və qazi övladları ilə birlikdə azad Şuşamızda olmağın qürurunu yaşadıqlarını, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarlarının hər birimiz üçün əmanət olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Onların hərtərəfli inkişafı əsas məqsədlərdən biridir. Bu xüsusda hər il təşkil olunan “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin bu il məhz hər daşı tarix olan Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin, qəhrəman döyüşçülərimizin qanı, canı bahasına işğaldan azad olunan Şuşanın dirçəlməsi ilə bağlı aparılan bərpa və quruculuq işlərinə gənclərin canlı şahidlik etməsinin xüsusi önəm daşıdığını vurğulayıblar.

Çıxışlardan sonra tədbir musiqili-bədii hissə ilə davam edib. Yüksək vətənpərvərlik ruhunda keçən mərasimdə tanınmış incəsənət ustalarının və gənc musiqiçilərin ifalarında “Qarabağ şikəstəsi”, “Xudayar Təsnifi (Vətən Yaxşıdır)”, “Anadır arzulara hər zaman Qarabağ” kimi mahnılar və Şuşaya, Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirin sonunda aparıcı Azər Süleymanlı qeyd etmişdir ki, 60 nəfər şəhid və qazi övladının iştirakı ilə Şuşada 3 gün davam edəcək düşərgədə Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, şəxsi inkişaf yönümlü təlim və seminarlar, intellektual oyunlar, Böyük qayıdış və Qarabağda dirçəliş mövzularında panel müzakirələri keçirləcək. Həmçinin Şuşanın tarixi məkanlarına ekskursiyalar təşkil olunacaq, işğal dövründə erməni vandalizminə məruz qalmış və işğaldan sonra dirçəldilməkdə olan şəhər haqqında və onun tarixi əhəmiyyətli memarlıq abidələri haqqında düşərgə iştirakçıları ətraflı məlumatdırılacaqlar. Düşərgə müddətində gənclərin asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlərin, musiqi məclislərinin və idman oyunlarının təşkil olunması da nəzərdə tutulub. Düşərgənin hər günü gənclər üçün xüsusi təşkil olunan konsert proqramı ilə yekunlaşacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti