Bakı. Trend:
“Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə oktyabrın 5-də xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbiri keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyev və
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə “Beynəlxalq Müəllimlər Günü”nün Ümummilli Lider Heydər
Əliyevin Sərəncamına əsasən ölkəmizdə bayram kimi qeyd olunduğu
bildirilib. Çıxış edənlər bayramın yaranma tarixindən danışıb,
ölkəmizdə müəllimlərə xüsusi hörmət bəsləndiyini, eləcə də onların
daima dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. İstənilən
cəmiyyətin formalaşmasında və layiqli vətəndaşın yetişməsində
müəllimlərin əvəzsiz xidmətlərinin olduğu diqqətə çatdırılıb.
Sonra təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti fəxri fərmanlarla təltif olunublar.
Sonda tədbir iştirakçılarına bədii kompozisiya təqdim edilib.