Bakı. Trend:
Qardaş Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən genişmiqyaslı ağacəkmə aksiyası ölkəmizdə də ənənəyə çevrilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Trend-ə bildirib ki, qardaş Türkiyədə hər il 11-ci ayın 11-ci günündə keçirilən bu təşəbbüsə ölkəmiz növbəti dəfə də böyük ruh yüksəkliyi ilə qoşulacaq: “Bu il də Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək, bütün ölkə ərazisində 111 111 ağac əkməklə bu nəcib aksiyaya töhfə verəcəyik”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” adlı ağacəkmə təşəbbüsünə qoşulub və ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirib: “Bu cür irimiqyaslı aksiyaların keçirilməsi yaşıllıqların genişləndirilməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün ölkəmizin qoşulduğu təşəbbüslərə dəstəkdir”.