...

“Beynəlxalq İƏT Modeli” klubları məzunlarından ekoaksiyaya dəstək

Gündəm Materials 28 Dekabr 2022 17:44 (UTC +04:00)
“Beynəlxalq İƏT Modeli” klubları məzunlarından ekoaksiyaya dəstək

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏT Gənclər Təşkilati ARM) iki həftədən çoxdur Şuşa-Xankəndi yolunda azərbaycanlı ictimai fəalların iştirakı ilə davam edən ekoaksiyanı müdafiə edən bəyanatına növbəti dəstək “Beynəlxalq İƏT modeli” klub məzunlarından gəldi.

Mərkəzdən Trend-ə bildirilib ki, bununla bağlı klub məzunlarının verdiyi bəyanatda otuz ilə yaxın erməni işğalı nəticəsində və hazırda Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycana məxsus Qarabağın ekoloji mühitinə ciddi zərbə vurulması, təbii resursların qeyri-qanuni istismarı pislənilib, eləcə də Azərbaycan xalqının legitim tələblərinə dəstək öz əksini tapıb.

Misir, İordaniya, İndoneziya, Maldiv adaları, Pakistan, Fələstin və Tacikistanı təmsil edən “Beynəlxalq İƏT Modeli” proqramı üzrə klub məzunlarının imzaladıqları bəyanatda azərbaycanlı ekoloqların qısa zamanda Qarabağda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molebden mədənlərində monitorinq aparmaları üçün şərait yaradılması tələb olunub.

Qeyd etmək lazımdır ki, İƏT Gənclər Təşkilati ARM təşəbbüsü ilə gənclərin liderlik bacarıqlarının formalaşmasına və gücləndirilməsinə yönəlik “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı artıq 11 ildir müsəlman coğrafiyasında uğurla həyata keçirilir. Mərkəzin həmtəşkilatçılığı ilə müxtəlif İƏT ölkələrində keçirilən Beynəlxalq İƏT Modeli çərçivəsində baş tutan müzakirələrdə beynəlxalq aktuallıq kəsb edən bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi də müzakirə olunmuş və müsəlman tələbələr bu problem haqqında obyektiv biliklər əldə etmiş, sonda Qarabağ həqiqətlərini öz ölkələrində yaymışlar.

Bir müddət öncə Pakistanda fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitut, Gənc Diplomatlar Forumu, eləcə də İndoneziyanı təmsil edən İndoneziya Milli Gənclər Şurası, İndoneziya İƏT Gənclər Təşkilatı və Gürcüstanın Müsəlman Gənclər Mərkəzi analoji bəyanatlarla çıxış ediblər.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda İƏT Gənclər Təşkilati ARM-nin İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib. Bəyanatda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir, eyni zamanda keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə, Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasına hazırlıq ifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti