...

"Baku Network" Ekspert Platformasına Tural Gəncəliyev rəhbərlik edəcək

Gündəm Materials 9 Yanvar 2023 08:00 (UTC +04:00)
"Baku Network" Ekspert Platformasına Tural Gəncəliyev rəhbərlik edəcək

Bakı. Trend:

"Baku Network" Ekspert Platformasına Milli Məclisin deputatı Tural Gəncəliyev rəhbərlik edəcək.

"Baku Network" platforması regionumuzda və daha geniş coğrafiyada gedən proseslərin, Azərbaycanın Cənubi Qafqazda və qlobal layihələrdə rolunun, ölkəmizin yeni siyasi güc mərkəzinə çevrilməsinin, Azərbaycanın geosiyasi və geoiqtisadi təsirinin artması, eləcə də yeni dünya nizamının sürətlə formalaşması ilə bağlı digər məsələlərin müzakirəsi üçün nəzərdə tutulub", - deyə T.Gəncəliyev Trend-ə bildirib.

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Hazırda T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən olan Milli Məclisinin deputatıdır. Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir. T.Gəncəliyevin Azərbaycan Xarici İşlər Nazirliyinin strukturlarında və ölkəmizin xaricdəki, o cümlədən Kanada və Çexiyadakı diplomatik nümayəndəliklərində 20 ilə yaxın karyerası var.

Qeyd edək ki, "Baku Network" Ekspert Platforması 2015-ci ildən fəaliyyət göstərir, qeyri-hökumət təşkilatı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib və Azərbaycanın aparıcı beyin mərkəzlərindən biri kimi fəaliyyət göstərir. “Baku Network”, həmçinin BMT səviyyəsində ictimai təşkilatlar sistemində qeydiyyatdan keçməklə yanaşı, beyin mərkəzlərinin “Global Go To Think Tank Index” qlobal reytinqində də qeydiyyatdan keçib.

2017-ci ildə “Baku Network”ün nümayəndələri Dövlət Departamentinin dəvəti ilə ABŞ-a səfər etmiş, burada Vaşinqton, Nyu-York və Filadelfiyada aparıcı beyin mərkəzləri ilə görüşlər keçirmişlər.

Fəaliyyət göstərdiyi müddət ərzində "Baku Network" beynəlxalq tərəfdaşlarla, o cümlədən dünyanın aparıcı beyin mərkəzləri ilə effektiv kommunikasiya şəbəkəsi qurmuşdur. Xarici ekspert və ictimai-siyasi dairələrin nümayəndələri ilə qarşılıqlı əlaqə qurulub.

"Baku Network" Ekspert Platforması azərbaycanlı diplomatları, analitikləri, jurnalistləri və ictimai xadimləri, eləcə də həm beynəlxalq ekspertlər, həm də mütəxəssislər toplusunu öz ətrafında toplayıb. Təşkilatın nümayəndələri beynəlxalq tədbirlərdə məruzəçi və moderator kimi çıxış ediblər. “Baku Network” fəaliyyət göstərdiyi müddətdə onlarla böyük beynəlxalq tədbirlərin, o cümlədən xarici tərəfdaşlarla birgə həyata keçirilən tədbirlərin təşkilatçısı və tərəfdaşı kimi çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti